Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi 2017-ci ilin 9 ayında vergi hüquqpozmalarına qarşı görülmüş tədbirlər haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, yanvar-sentyabr aylarında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 405 cinayət işi üzrə araşdırmalar zamanı 13 milyon 433,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Rəsmi arayışa əsasən, 64 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib: “334 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 80 iş üzrə 90 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə məhkəmələrə göndərilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 14 nəfər şəxs tutulub, ibtidai istintaqdan yayınan 232 şəxsin məcburi qaydada gətirilməsi, 396 şəxsin tapılaraq istintaqa gəlmələri, 449 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 60 nəfər vergi ödəyicisi tapılıb”.