Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva oktyabrın 11-də 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edib. Bunu oktyabrın 12-də “Azadlıq” radiosuna Leyla Mustafayeva deyib.
Məlumatı onun Gürcüstandakı vəkili Arçil Çopikaşvili də təsdiqləyib.
Leyla Mustafayeva hazırda Nurayla birlikdə Almaniya paytaxtı Berlində olduğunu bildirib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib: “Avqustun 2-4-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra izləmələr intensivləşmişdi. Biz bundan əvvəlki izləmələr barədə də prokurorluğa şikayət etmiş, bizi izləyənlərin foto və videolarını cəkib vermişdik. Hətta kafelərdən birində naməlum adamın mənim oturduğum masanın yanına çanta qoymasının videosunu da prokurorluğa vermişik. Çanta, demək olar, boş olduğundan güman edirdik ki, orda dinləmə qurğusu ola bilər. Prokurorluqdan əvvəlcə mənə bildirdilər ki, bəli, həmin adam çantanı məqsədli şəkildə yerləşdirib. Amma sonradan prokurorluqda onu müdafiə elədilər, dedilər ki, o, elə adam deyil”.
Leyla Mustafayevanın sözlərinə görə, Ramil Usubovun səfərindən sonra izlənmələri barədə hələ avqustun 7-də şikayət versələr də, həmin şikayət indiyədək araşdırılmayıb.
Leyla Mustafayeva iddia edir ki, onu izləyənlərdən biri vaxtilə Əfqanı izləmiş adam olub və prokurorluq bu işləri araşdırmadığından o, övladı ilə birlikdə Gürcüstanı tərk etmək məcburiyyətində qalıb: “Əgər prokurorluq həmin adamları müdafiə edirsə, onda biz daha Gürcüstanın hüquq mühafizə orqanlarına güvənə bilmərik”.
Leyla Mustafayeva yaxın vaxtda Almaniya hökumətindən sığınacaq istəyəcəyini deyib.
Əfqan Muxtarlı və ailəsi son illər Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb.
2017-ci ilin may ayının 31-də Əfqan Muxtarlı tutulub. Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.
Əfqan Muxtarlı bildirir ki, o, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Müdafiəçiləri və ailə üzvləri də bunu təsdiqləyirlər. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Həbsdə olduğu vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı dövrdən sonrakı fəaliyyətinin yoxlanması barədə qərar çıxarıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti həmin qərar əsasında səyyar vergi yoxlaması keçirib. Nəticədə Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb.
Oktyabrın əvvəllərində baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalist barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin daha 2 ay uzadılması üçün məhkəməyə vəsatət verib. Hazırda Nəsimi Rayon Məhkəməsində bu vəsatətə baxılır.
Jurnalistin həbsindən sonra Gürcüstan hökuməti Leyla Mustafayevaya Gürcüstan vətəndaşlığı təklif edib. Leyla Mustafayeva bu təklifdən imtina edib.
Leyla Mustafayevanın şikayəti əsasında Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
Əfqan Muxtarlının Bakı İstintaq Təcridxanasından Gürcüstan parlamentinə yazdığı, oktyabrın 11-də ictimaiyyətə açıqlanan müraciətində vurğulanır ki, üstündən dörd ay ötsə də Gürcüstan polisi və prokurorluğu indiyədək nə ona, nə də ailə üzvlərinə zərərçəkmiş statusu verib.
Gürcüstan parlamentinə müraciətində Əfqan Muxtarlı onunla bağlı məsələlərin obyektiv araşdırılması üçün müxalif deputatların, vəkillərin, müstəqil hüquqşünasların və jurnalistlərin iştirakı ilə parlament komissiyası yaradılmasını xahiş edib. Həmin müraciətini o, bu sözlərlə bitirib: “Ümid edirəm ki, obyektiv araşdırma aparılsa, oğurlanmağıma göstəriş verən Gürcüstan rəsmiləri aşkara çıxarılsa, Gürcüstan üzərinə düşən bu qara ləkəni qismən də olsa təmizləmiş olacaq”.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Leyla Mustafayeva Azərbaycanda yaşadığı vaxt ictimai fəaliyyətlə, eyni zamanda jurnalistika ilə məşğul olub, “Yeni Musavat” qəzetində işləyib. Gürcüstan İctimai Əlaqələr İnstitutunda jurnalistika və media menecmentliyi üzrə təhsil alan Leyla Mustafayeva hazırda müstəqil tərcüməçi kimi çalışır.