“Qərəzli sənədlərin qəbulu, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətləri yenidən nəzərdən keçirməyə məcbur edir”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib.
Oktyabrın 11-də Avropa Şurasının Parlament Assambleyası “Azərbaycanda demokratik təsisatların vəziyyəti” və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” məruzələr üzrə iki qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycanın məhkəmə-hüquq sisteminin Avropa standartlarına uyğun gəlmədiyi, siyasi motivli həbslərin davam etdiyi, Avropa İnsan Hüquqları Məhkəməsinin məhbus siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmadığı vurğulanır, jurnalistlərin, ictimai-siyasi fəalların təqib olunduğu qeyd edilir.
AZƏRTAC-a açıqlamasında sənədlərə münasibət bildirən Əli Həsənov deyib ki, AŞPA anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış, xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə növbəti dəfə ölkəyə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci ildən bəri ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib: “Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi mənfi münasibətindən irəli gələn məsələdir. Açıq-aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər”.
Əli Həsənov qeyd edib ki, demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması AŞPA-nın müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrildiyini və konkret sifariş yerinə yetirdiyini göstərir: “Əlbəttə, bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri var və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcək. Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbulu, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir”.
Oktyabrın 12-də prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da məsələyə münasibət bildirib. APA-nın məlumatına görə, Novruz Məmmədov “Twitter”də yazıb: “Uzun müddətdir AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur. Belə təəssürat yaranır ki AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır. AŞPA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?”