Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin oktyabrın 10-da imzaladığı fərmanla fondun nizamnaməsi təsdiq edilib.
Fərmana əsasən, fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Qurumun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir. Onun nizamnamə kapitalı 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Fondun fəaliyyətinə ümumi nəzarəti beş üzvdən ibarət Himayəçilik Şurası həyata keçirir. Cari rəhbərlik icraçı direktorun səlahiyyətindədir.
Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi dövlət başçısının üzərinə düşür.
Qurumun işçilərinin say həddini və əmək haqlarını Nazirlər Kabineti təsdiq edir.
Himayəçilik Şurasının üzvlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Onların səlahiyyət müddəti 5 ildir və təkrar müddətə təyin edilə bilərlər.
İcraçı direktorun təyinatı da komitə sədrinə həvalə olunub.