Oktyabrın 11-də İspaniyanın baş naziri Mariano Rahoy Kataloniya ilə bağlı yeni bəyanat verib. Novator.az-ın məlumatına görə, baş nazir Kataloniya rəsmilərindən muxtariyyətin müstəqil dövlət elan olunub-olunmamasına aydınlıq gətirməyi tələb edib.
Oktyabrın 1-i Kataloniyada keçirilmiş referenduma qatılanların 90 faizindən çoxu vilayətin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. İspaniya hökuməti referendumun qanunsuz olduğunu, nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını bəyan edib.
Kataloniya vilayətinin başçısı Karles Puçdemont oktyabrın 10-da bölgənin müstəqil dövlət elan olunması barədə bəyannamə imzalayıb. Mərasim Barselonada, yerli parlamentin iclasında keçirilib. Sənədə Karles Puçdemontun müavini, parlamentin spikeri, həmçinin müstəqilliyi dəstəkləyən deputatlar da qol çəkib.
Parlamentin iclasında çıxış edən separatçı lider bölgənin müstəqil dövlət elan olunmasına, bu haqda qanun qəbul etməyə tələsməməyi məsləhət görüb, rəsmi Madridlə dialoqa başlamağı təklif edib.
Müstəqillik elan olunub, ya yox? 11 oktyabr bəyanatında Mariano Rahoy Kataloniya rəsmilərini bu suala dəqiq cavab verməyə çağırıb və qeyd edib ki, bu, ölkə konstitusiyasının 155-ci maddəsinin işə salınıb-salınmaması üçün zəruridir.
155-ci maddə Kataloniyanın muxtariyyətinin qismən dayandırılması mexanizmini nəzərdə tutur.
Ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb.