Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlı Gürcüstan parlamentinə müraciət edib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayan Əfqan Muxtarlı 2017-ci ilin may ayının 31-də tutulub.
Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.
Müdafiəçiləri bildirirlər ki, Əfqan Muxtarlı mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Həbsdə olduğu vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı dövrdən sonrakı fəaliyyətinin yoxlanması barədə qərar çıxarıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti həmin qərar əsasında səyyar vergi yoxlaması keçirib. Nəticədə Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb.
Əfqan Muxtarlı hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.
Gürcüstan parlamentinə müraciətində o vurğulayır ki, Gürcüstanın xüsusi xidmət orqanları onu oğurlayaraq Azərbaycana təhvil verib. Əfqan Muxtarlı hesab edir ki, buna səbəb Azərbaycandakı hakim ailənin Gürcüstandakı biznesi ilə bağlı aparılan jurnalist araşdırmalarıdır: “Mənim kriminal keçmişim yoxdur, Gürcüstanda yaşadığım müddətdə ölkə qanunlarını pozmamışam. Tbilisidən oğurlanmışam və qanunsuz olaraq Laqodexi sərhəd-keçid məntəqəsində Azərbaycanın xüsusi xidmət əməkdaşlarına təhvil verilmişəm.
Məni Tbilisidə yaşadığım evin 100 metrliyində evə gələrkən oğurlayıb, üzərimdə pasportum olmadığı halda sərhəd-keçid məntəqəsindən zorla keçiriblər. Gürcüstanın sərhəd xidməti buna göz yumub”.
Əfqan Muxtarlı müraciətində yazır ki, rəsmi Tbilisi Azərbaycan hakimiyyətinin təzyiqi ilə Gürcüstana pənah gətirmiş azərbaycanlı jurnalistlərə, ictimai-siyasi fəallara yaşayış izni verməkdən imtina etməyə başlayıb və belə şəxslərdən biri də onun həyat yoldaşı, jurnalist Leyla Mustafayevadır: “Mən oğurlanandan səkkiz ay əvvəl ona rəsmən bildirilmişdi ki, Gürcüstan ərazisində təhlükəli fəaliyyətlə məşğuldur. Mən oğurlanandan sonra isə “təhlükəli fəaliyyətdə” ittiham olunan həyat yoldaşıma Gürcüstanın baş naziri Georgi Kvirikaşvili vətəndaşlıq təklif edib. Leyla Mustafayeva təklifdən imtina edib. Mən həmin təklifi həyat yoldaşımın susdurulması cəhdi kimi qiymətləndirmişəm”.
Jurnalist parlamentə müraciətində iddia edir ki, Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası hökumətə gələndən (İvanişvili 2012-də baş nazir olub, o, 2013-cü idə bu postu tərk etsə də, “Gürcü Arzusu” ölkənin hakim partiyası olaraq qalır) Gürcüstanda jurnalist və fəalların izlənməsi intensivləşib, rəsmi Tbilisi ölkənin imzaladığı konvensiyalara məhəl qoymayaraq rəsmi Bakının göstərişlərini yerinə yetirir: “Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat edirdi. Ona görə qeyri-qanuni olaraq saxlanmağım və qanunsuz olaraq Azərbaycana təhvil verilməyim Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım”.
Əfqan Muxtarlı qeyd edir ki, ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, müxtəlif Qərb təsisiatları onunla bağlı cinayət işinin şəffaf şəkildə araşdırılmasını tələb edib, Gürcüstan prezidenti Georgi Margvelaşvili isə onun oğurlanmasını öz ölkəsinin dövlətçiliyi və suverenliyi üçün təhlükə adlandırıb.
Daha sonra jurnalist bildirir ki, həyat yoldaşı Leyla Mustafayevanın şikayəti əsasında Gürcüstanda da onunla bağlı cinayət işinə başlanıb, iş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır: “Bugünlərdə oğurlanmağımın dörd ayı tamam olacaq. Gürcüstan polisi və prokurorluğu indiyədək nə mənə, nə də ailə üzvlərimə zərərçəkmiş statusu verib”.
Əfqan Muxtarlı oğurlandığını sübut edən dəlillərin hər iki ölkədə ört-basdır edildiyini vurğulayaraq Gürcüstan parlamentindən məsələ ilə bağlı komissiya yaradılmasını istəyir. Onun sözlərinə görə, Gürcüstan Konstitusiyası və parlamentin prosedur qaydaları deputatlara dövlət orqanlarının və məmurların qanunları pozmasına dair faktları aşkara çıxarmaq məqsədilə müvəqqəti araşdırma komissiyası yaratmaq səlahiyyəti verir: “Gürcüstan parlamentindən xahiş edirəm ki, müxalifətdə olan deputatların, mənim vəkillərimin, müstəqil hüquqşünasların və jurnalistlərin də üzv olduğu bir araşdırma komissiyası yaradıb effektiv təhqiqat aparsın. Ümid edirəm ki, obyektiv araşdırma aparılsa, oğurlanmağıma göstəriş verən Gürcüstan rəsmiləri aşkara çıxarılsa, Gürcüstan üzərinə düşən bu qara ləkəni qismən də olsa təmizləmiş olacaq”.