Oktyabrın 9-da Qırğız Respublikası prezidentinin mətbuat xidməti açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, oktyabrın 15-i – prezident seçkisi günü ölkədə iğtişaşlar törədilə bilər. Açıqlamaya əsasən, iğtişaşları bəzi siyasətçilər hazırlayıb, prosesə kriminal ünsürlərin cəlb olunması da nəzərdə tutulub. İctimai asayişin pozulması planına xaricdən maliyyə dəstəyi verildiyi iddia olunur.
Mətbuat xidməti bildirir ki, prezident Almazbek Atambayev ölkədə təhlükəsizliyin qorunmasına şəxsən nəzarət etmək üçün Rusiyanın Soçi şəhərinə planlaşdırılan səfərini təxirə salıb. Qırğızıstan prezidenti oktyabrın 10-dan 11-dək MDB ölkələri dövlət başçılarının sammitində iştirak etməli idi.
Qırğızıstanda 12 namizəd prezidentlik uğrunda mübarizə aparır. Onların 3-ü əvvəllər baş nazir olub: Temir Sariyev, Omurbek Babanov, Sooronbay Jeenbekov.
Baş nazirin sabiq müavini Adaxan Madumarov, sabiq baş prokuror Azimbek Beknazarov, sabiq fövqəladə hallar naziri Bakıt Torobayev, keçmiş deputat Ulukbek Koçkorov də dövlət başçısı olmağa iddialıdır.
Digər namizədlər bunlardır: Bişkek merinin sabiq müavini Ernis Zarlıkov, hüquq müdafiəçisi Toktayım Umetaliyeva, BMT-nin Əfqanıstandakı xüsusi missiyasının siyasi direktoru Taalatbek Masadıkov, iş adamı Arstanbek Abdıldayev, Qırğızıstan Dostluq və Əməkdaşlıq Cəmiyyətləri İttifaqının prezidenti Arstanbek Maliyev.
Qırğızıstanda ali icraedici orqan hökumətdir. Hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən fraksiya və ya koalisiya qurur. Dövlət başçısı olan prezident isə ümumxalq seçkisində 6 il müddətinə seçilir. Heç kim bir dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Almazbek Atambayev 2011-ci ildən bu postdadır.