Oktyabrın 9-u Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev deyib ki, bu ilin doqquz ayında ölkə uğurla və hərtərəfli inkişaf edib: “Bütün sahələrdə dinamik inkişaf təmin olunub. İqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıb.
Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artıb. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir.
Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artıb.
Xarici ticarət dövriyyəmiz 7 faiz artıb. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.
Baxmayaraq dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda düzgün investisiya proqramımızın uğuru imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir”.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib: “Həmin dövrdə 226 min yeni iş yeri yaradılıb, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik.
Əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilib. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir.
Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdu ki, bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülüb, suvarma suyu təmin edilib. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır.
Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir”.
Daha sonra Qarabağ münaqişəsinə toxunan prezident deyib: “Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.
Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir.
Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də bunu dəstəkləyirik”.