Bakıda oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək ikinci ticarət festivalının detalları məlum olub. Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıdakı 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə bilər: “Həmin mallara “Tax Free” imkanı da təqdim olunacaq. Festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.
“Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 manatdan çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini nağd və bank hesabına (karta) köçürmə yolu ilə geri ala bilər.
Bakıda yerləşən və üzərində festivalın loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Bakı şəhərində yerləşən istənilən mağaza festivalın iştirakçısı ola bilər”.
Festivalın iştirakçısı olmaq üçün [email protected] elektron poçt ünvanı və ya 1547 qısa telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Novator.az bildirir ki, ticarət festivalları dövründə fiziki şəxslərin Azərbaycanda aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi qaytarılır. İlk ticarət festivalı aprelin 10-dan mayın 10-dək keçirilib.
“Tax Free” sistemi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədiyi əlavə dəyər vergisinin qaytarılmasını tənzimləyir.