Prezident İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Skoferi və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və perspektivləri müzakirə olunub, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.
Sonra İlham Əliyev Endrü Skoferlə təkbətək görüşüb. Diplomata fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini vurğulayıb. Prezident münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib və deyib ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlardan çıxmaması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır.
Danışıqlar prosesinin bərpa olunduğunu deyən İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd edib, Azərbaycanın münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib.
Endrü Skofer vurğulayıb ki, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.
1988-ci ildən Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə erməni separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca alovlanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın nəzarətinə keçib.
1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.