Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 5-i Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub. Binaya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürüləcək.
Mehriban Əliyeva Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binaya da baş çəkib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, həmin gün Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasiminə qatılıb. Qəsəbədə ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib.
Birinci vitse-prezident mərasimdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqın ən böyük ağrısıdır: “Qonşu ölkənin işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarını, yurd-yuvalarını tərk edərək qaçqın və köçkün həyatı sürməyə məcburdurlar. Dövlətimizin başçısı İlham Əliyev həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli görüşlərdə bu məsələni daim gündəmə gətirir. Bildiyiniz kimi, prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək dünya ictimaiyyətinin diqqətini yenidən bu məsələyə yönəltdi. O, ölkəmizin ərazilərinin hələ də işğal altında olmasını və Azərbaycanda bir milyon insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını vurğuladı.
Uzun illərdir ki, biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və biz sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar bu günün reallığıdır. Dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatlar fəaliyyət göstərir. Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə lazımi təzyiqlər göstərilmir?”
Mehriban Əliyeva Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli üçün bütün lazımi tədbirləri gördüyünü vurğulayıb: “Ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bu komplekslər bütün zəruri infrastrukturla təmin edilib. Əlli min qaçqın və köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə, yeni mənzillərə köçürülüb. Dörd yüz min qaçqın və köçkün yeni işlə təmin olunub. Ümumilikdə dövlətimiz bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib”.
Mehriban Əliyeva qeyd edib ki, bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksinin təməli qoyulub: “Orada tikinti işləri davam edir. Yaşayış kompleksi bütün lazımi infrastrukturla təmin olunacaq, binalarla yanaşı uşaq bağçası, məktəb tikilir və gələn il 1026 yeni, tam təmirli mənzil qaçqın və məcburi köçkün ailələrinin istifadəsinə veriləcək.
Bu ilin iyun ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsində çox pis vəziyyətdə olan pansionatda və Xətai rayonunda yarımçıq tikilmiş binada yaşayan 214 ailə Mehdiabad və Masazır qəsəbələrində yeni tikilmiş, tam təmirli evlərə köçürülüb. Bu gün isə biz Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş binalardakı tam təmirli mənzillərə 210 ailə, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş binadakı tam təmirli mənzillərə 50 ailə və Xətai rayonunda inşa edilmiş binadakı tam təmirli mənzillərə 465 ailə köçürürük. Ümumilikdə bu, 725 ailənin yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir”.