Son günlər intensiv yağışlar nəticəsində ölkənin cənub bölgəsində bir sıra fərdi yaşayış evi və həyətyanı sahə yağış suları ilə dolub. Çaylarda suyun səviyyəsi artığından sel suları yaşayış məntəqələrində problemlər yaradıb. Əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev AZƏRTAC-a bildirib ki, Astaraçayın məcrasından çıxması nəticəsində rayonun Rüdəkənar, Məscidməhəllə və Qapıçıməhəllə kəndlərinin ərazisində həyətyanı sahələri su basıb. 75 ailə həmin kəndlərdən köçürülüb.
Pensər çayının məcrasından çıxması nəticəsində Şağlazüzə, Xıçəso və Şəmətük kəndləri ilə əlaqə kəsilib. Şağlazüzə kənd tam orta məktəbinin ərazisində uçqun baş verdiyindən uşaqların məktəbi gəlməsi məhdudlaşdırılıb.
Rayonun Deqədi-Pəlikəş avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Hazırda Astara rayonunun 83 yaşayış məntəqəsində işıq yoxdur.
Masallı rayonunda isə Boradigah çayının məcrasından çıxması səbəbindən Boradigah qəsəbəsində yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi, bəzi evlərin zirzəmiləri su altında qalıb. Əraziyə ağır texnikalar və canlı qüvvə cəlb edilib.
Rayonun Təklə və Xırmandalı kəndlərində də sel suları həyətləri basıb. Köhnə Zuvand kəndində torpaq sürüşməsi nəticəsində kənd yolunun bir hissəsi sıradan çıxıb.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməyi ilə ərazidən çəkilib. Təbii fəlakətin yaşayış məntəqələrində yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Lənkəran çayı da daşıb, rayonun Sütəmurdov kəndində onlarla evi su basıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, 10-a yaxın ailənin təxliyəsi həyata keçirilib.
Lənkəran-Lerik yolunda baş verən torpaq sürüşməsi yolun bağlanmasına səbəb olub. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, nəqliyyatın hərəkətini təmin etmək məqsədilə yol istismar idarəsinin ağır texnikası və canlı qüvvəsi əraziyə gətirilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, oktyabrın 4-5-də gecə saatlarından xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə köçürüblər.