Prezidentdən yeni Qarabağ bəyanatları
- 05 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
AZƏRTAC prezident İlham Əliyevin Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə 4 oktyabr görüşünün detallarını yayıb.
İlham Əliyev giriş nitqində deyib ki, ölkənin qarşısında duran əsas çağırışlardan biri Ermənistanın Azərbaycana qarşı 25 ildən çoxdur davam edən təcavüzüdür: “Əslində bu, Sovet İttifaqının süqutu ərəfəsində başlayıb və Sovet İttifaqı dağılandan dərhal sonra Dağlıq Qarabağdakı erməni separatçıları Ermənistan və digər xarici qüvvələrin dəstəyi ilə bəşəriyyətə qarşı cinayət törətdilər. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə apardılar və bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqına çevrildi. Onlar Dağlıq Qarabağı tamamilə işğal etdilər, orada olan 30 faizə yaxın Azərbaycan əhalisini qovdular və ermənilərin heç vaxt yaşamadığı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etdilər. Bu işğal nəticəsində Ermənistanda yaşayan 250 min azərbaycanlı da etnik təmizləməyə məruz qaldı. Bir milyon nəfər. Həmin vaxt Azərbaycanın əhalisi 8 milyondan bir qədər artıq idi. Bu, adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə ən yüksək rəqəmlərdən biri idi.
İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Bütün binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər dağıdılıb. Onlar Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədərək 613 günahsız insanı qətlə yetirdilər. Onların 100-dən çoxu qadın, 60-dan çoxu uşaq idi. Onlar bizim tarixi və dini abidələrimizi dağıdaraq mədəni irsimizə qarşı soyqırımı törətdilər. Vəziyyət belədir.
Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq biz onların yerinə yetirilməsini 24 ildir gözləyirik.
Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir. Ermənistan buna sadəcə olaraq göz yumur və status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni edir. Onlara qarşı beynəlxalq səviyyədə təzyiq artanda, onlar 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar. Onlar hərbi helikopterlərlə bizim mövqelərimizə hücum edəndə və biz cavab vermək məcburiyyətində qalanda bu, bütünlükdə 2015-ci il ərzində danışıqların dondurulmasına səbəb oldu. 2016-cı ildə təzyiq yenidən artmağa başlayanda onlar kəndlərimizi atəşə tutmağa başladılar və 6 mülki şəxsi qətlə yetirdilər, 20-dən artıq adam yaralandı və biz yenə də cavab verməli olduq. Cavab çox ciddi və effektiv oldu. Biz ərazilərimizin mühüm hissəsini azad etməyə müvəffəq olduq. Ermənilər yenə də bunu bəhanə edərək bizi təcavüzdə günahlandırdılar və danışıqlara yenidən başlamaq üçün şərtlər irəli sürməyə başladılar. Sözsüz ki, Azərbaycan bu şərtlərin heç birini qəbul etmədi. Ermənilər bizim bunu heç vaxt qəbul etməyəcəyimizi yəqin ki, başa düşürlər. Bu, ola bilsin ki, onlar üçün məlum səbəblərə görə daha bir vaxt qazanmaq fürsəti idi.
Beləliklə, 2016-cı ildə, ilin ikinci yarısında və 2017-ci ildə danışıqlarla bağlı vəziyyət bir növ dondurulub. Onların taktikası status-kvonu bacardıqları qədər dəyişməz saxlamaqdır. Hazırda onlar regionun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qondarma “Dağlıq Qarabağ respublikası”nın bir hissəsi kimi təqdim olunduğu yeni xəritələrini tərtib edirlər. Bu, onların münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Bizim mövqeyimiz çox aydın və sadədir, dəfələrlə ifadə olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək.
Bu gün bu münaqişənin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə daimi təhlükədir. Düşünürəm ki, qarşıdakı ayda Minsk qrupunun əsas fəaliyyət sahəsi beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərmək olmalıdır. Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı zirvə görüşündə postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyasının vahid yanaşma nümayiş etdirməsini gözləyir: “Əks təqdirdə biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz. Bu gün biz İspaniyada və İraqda nələrin baş verdiyini görürük və nəhayət ki, beynəlxalq ictimaiyyət separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. Çünki separatizm böyük təhlükədir. Ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar”.