Milli Məclisin deputatları uşaqların oktyabrın 1-də keçirilmiş Aşura mərasimlərinə aparılmasını pisləyib. Meclis.gov.az-ın məlumatına görə, deputat Zahid Oruc deyib ki, Aşura mərasiminin keçirilməsi zamanı südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, kəsafətə, düşüncəsizliyə yem edilməsi müşahidə olunub: “Azərbaycanın öz daxili ictimai-siyasi idarəetmə quruluşu var. Etiqadın qeyd olunması forması bunun içərisində axtarılmalıdır. Ayrı ölkələrin modellərini götürüb bura tətbiq edəndə çox ağır nəticələr alına bilir. Bizim balacalarımız orada səslənən şüarların altında mənəvi-psixoloji cəhətdən gerçəkdənmi İmam Hüseyn məktəbinin ardıcılı olmaq istəyərək yalnız bu inama, yalnız bu düşüncələrə köklənmiş olur? Yoxsa onun nəticəsində bu gün dünyada yaşanan ekstremizmin, fundamentalizmin qurbanına çevrilir? Çox təəssüf ki, ikinci hal daha çox özünü göstərmiş olur.
Uşaqları dini libasa tamamilə bürüyəndə, onları yalnız bu şəhidlik adı altındakı xüsusi bir təbliğata – bir sıra hallarda sırf mövhumatçılıqla dolu olan, zahiri elementlərlə daha çox zənginləşdirilmiş təbliğata müncər edəndə onların düşüncə sistemi qapanır və məktəblə məscidin arasında qalırlar. Biz yaxşı bilirik ki, Məhəmməd peyğəmbər əleyhissalam hər zaman məktəbi məsciddən üstün tutub. Çox təəssüflər olsun ki, İmam Hüseyn məktəbindən – qeyri-bərabər döyüşdə canından qorxmadan öz inancı yolunda həyatını verən, amma bununla bərabər bəşəriyyətə daha artıq dərəcədə tamam başqa düşüncələri sərgiləyən adamın mübarizəsinin fəlsəfəsindən düzgün olmayan nəticələr çıxarırlar. Bu, bəzi adamların Azərbaycanda orta əsrlər geriliyini bərqərar etmək istəyindən irəli gəlir. Biz uşaqlarımıza hansı gələcəyi vəd etmək istəyirik? Bu adamlar həqiqətənmi məktəbdən, təhsildən qopararaq o azərbaycanlılara yaxşı sabah vəd edirlər?
Mən düşünürəm ki, ümumiyyətlə uşaqlarımızın o tədbirlərə bu şəkildə aparılması qanunsuzdur. Bizim konstitusiyamız da, Ailə Məcəlləsi də bunu yasaq edir. Bu insanların dini təfəkkürü formalaşmayıb, onlar hələ dünyanı yeni anlayırlar və hansı simvollarla həyatı onların beyninə yazırsansa, onlar sabah həmin formada olacaqlar. Bizim bayrağımızda üç rəng var, Azərbaycan dövləti məhz bu üç fundamentin üzərində qurulub, birini o birindən artıq etsən, sistem yerindən çıxar. Ona görə də hesab edirəm ki, Azərbaycanda islamın hazırkı şəkli fonunda biz bu dövlətdə dünyəvi bir modeldə yaşamaqdayıq. Dövlətimiz dinsiz və dinimiz də dövlətsiz ola bilməz.
Uşaqlarımızı o şəkildə meydanlarda təlqin olunan dindən qorumaq lazımdır. O uşaqları qurban etmək olmaz. Biz onları tamam fərqli bir gələcəkdə görürük. Hesab edirəm ki, bizim bu çağırışlarımız da süngü ilə qarşılanmalı deyil”.
Deputat Sədaqət Vəliyeva deyib ki, uşaqların Aşura mərasiminə cəlb edilməsi onların səhhətinə və psixologiyasına ciddi mənfi təsir göstərir: “Aşura mərasiminə uşaqların aparılması onların sağlamlığını təhlükə qarşısında qoyur. Çünki həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Uşaqların orqanizmi zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar…
Aşura mərasimində zəncir və qılınc vurma kimi hərəkətlərə yol verilir. Eyni zamanda ağlaşma və özünüdöymə kimi hallara da rast gəlinir. Təbii ki, bu cür dəhşətli, qanlı və səs-küylü mərasimdə uşaqların psixoloji vəziyyəti ciddi şəkildə pozulur, onlar sarsıntı keçirirlər.
İslam alimlərinin də bildirdiyi kimi, dini mərasimlərə azyaşlı uşaqların aparılması istər dini, istər psixoloji, istərsə də hüquqi cəhətdən qəbuledilməzdir. Bu, gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Belə halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır.
Valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər. Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlər birbaşa Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının müvafiq qanunlarına ziddir”.
Deputat Məlahət İbrahimqızı deyib ki, islam xurafat və mövhumat deyil: “İslam dini insanlara deyir ki, ömrünün sonuna qədər oxu, çalış, inkişaf et. Amma çox təəssüf ki, islam dini pərdəsi altında müəyyən əməllər də həyata keçirilir. Biz buna imkan verməməliyik. “Quran”, islam dini heç kəsi hansısa ayinlərinə əməl etməyə məcbur etmir. Amma keçirilən bəzi mərasimlərdə biz xoşagəlməz halların şahidi oluruq. Dinimizi düzgün təbliğ etmək əvəzinə biz bunun əksini görürük.
Bu günlərdə keçirilən Aşura mərasimində bir sıra məscidlərdə 6-7 yaşında, hətta 3-4 yaşında yetkinlik yaşına çatmayan körpə uşaqların, o cümlədən qız uşaqlarının ayinlərdə iştirakının şahidi olduq. Körpə uşaqların belə mərasimlərə aparılması yolverilməzdir. Biz dinimizi mövhumat formasında təbliğ etməməliyik və belə hallara yol verməməliyik”.
Səidə Hüseynova