İspaniyadan ayrılmağa çalışan Kataloniya vilayəti müstəqillik qazansa, futbolda da mühüm hadisələr baş verə bilər. Kataloniyanın mərkəzi şəhərinin dünyaca məşhur futbol klubu olan “Barselona”nın İspaniya çempionatından çıxması mümkündür.
1899-cu ildə yaradılmış “Barselona” klubu 24 dəfə İspaniya çempionu olub, 29 dəfə ölkə kubokuna, 12 dəfə superkuboka sahib çıxıb. Klub 5 dəfə UEFA Çempionlar Liqasında zəfər çalıb, 4 dəfə Kuboklar kubokunu, 5 dəfə UEFA superkubokunu əldə edib, 3 dəfə klublar arasında dünya çempionu olub.
“Barselona”nın azərbaycanlı azarkeşləri Kataloniyanın müstəqillik iddiası, klubun İspaniya çempionatından çıxması, ümumiyyətlə bundan sonra “Barselona”ya azarkeşlik edilməsi məsələləri barədə nə düşünür? Novator.az “Facebook”dakı “FC Barcelona Azerbaijan” səhifəsinin yaradıcısı Novruz Kərimzadəni danışdırıb.
– Kataloniyanın İspaniyadan ayrılmaq məsələsi böyüyüb futbola da sirayət edə bilər. Azarkeşi olduğunuz “Barselona” klubunun İspaniya çempionatından çıxmaq təhlükəsi yaranır. Azərbaycan separatçılıqdan əziyyət çəkən ölkədir. Katalonların İspaniyanı parçalamaq niyyəti, “Barselona” klubunun bu işlərə müəyyən qədər dəstək verməsi azərbaycanlı azarkeşlərin kluba münasibətini dəyişə bilərmi?
– Bəzi azərbaycanlı azarkeşlər bu mövzunu şişirdir və səhv salır. Kataloniya ilə bizim Qarabağın bir-birinə heç bir oxşarlığı yoxdur. Kataloniyanın dövlətçilik tarixi İspaniyanın dövlətçilik tarixindən qədimdir. Yəni Kataloniya ayrı bir ölkə olub, Qarabağ isə əzəli Azərbaycan ərazisidir. Bu reallığı heç nə dəyişə bilməz.
Siyasi məsələnin bizim azarkeşlərə təsir edəcəyini düşünmürəm. Biz fanat olaraq “Barselona” klubunu, onun oyununu, taktikasını, rənglərini sevirik.
Bizim səhifədə 4 admin var və hər biri “Barselona” üçün iş başındadır. Biz siyasətçi deyilik. Sadəcə, bildiyimiz həqiqəti öz aramızda müzakirə edirik: Kataloniya məsələsində hamımız eyni fikirdəyik, istəyirik Kataloniya müstəqillik qazansın. Azadlıq istəyənləri yaxşı anlamalıyıq. Çünki vaxtilə biz də başqa ölkənin idarəçiliyi altında olmuşuq. Amma biz “Barselona” fanatıyıq, katalon deyilik.
– “Barselona”nın nə qədər azərbaycanlı fanatı var?
– Bunu dəqiq bilmək mümkün deyil. Sırf bizim “Facebook” səhifəmizdə 40 minə yaxın azərbaycanlı fanat var. “İnstagram”da isə 27,5 min izləyicimizin böyük hissəsi azərbaycanlıdır.
– Kataloniya müstəqil olsa, dünya miqyasında da “Barselona”ya münasibət dəyişə bilməz?
– Milliyyətçi insanlar üçün dəyişə bilər. Kiminsə sırf siyasi mülahizələrlə “Barselona”dan imtina etməsi mümkündür, amma əsl azarkeş belə davranmamalıdır. Biz Kataloniya ilə müharibə şəraitində olsaq, başqa məsələ, amma hazırkı vəziyyətdə əsl fanat komandasının yanında olmalıdır.
– Bu gün futbola siyasi amillərin təsiri böyükdür. Futbol və siyasətin bir arada olması necə mənzərədir?
– Futbolla siyasət hazırda bir-birinə çox yaxındır, bəzi durumlarda bu, müsbət, bəzi hallarda isə mənfi təsir göstərir. Müsbət hal kimi Ağdamın “Qarabağ” komandasını misal çəkmək olar. “Qarabağ” klubu Azərbaycanı layiqincə təmsil etməklə yanaşı həm də dünyaya çatdırdı ki, bu ad Azərbaycana məxsusdur, Qarabağ Azərbaycan torpağıdır. Bir çox xarici jurnalist mətbuat konfranslarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan bu haqda məlumat aldılar. Ölkəmizə təşrif buyuran jurnalistlər anladı ki, Qarabağ işğal altındadır.
Ümumilikdə isə futboldan zövq almaq və sevdiyin komandaya azarkeşlik etmək daha yaxşı olar. Məncə, siyasət və futbolu bir-birinə qatmaq düz deyil.
– “Barselona” İspaniya çempionatından çıxsa, nələr baş verəcək?
– Son günlər Kataloniya rəsmiləri “Barselona”nın Fransa və İngiltərə liqalarında oynaya biləcəyini deyir. Kataloniyanın öz futbol liqasının yaranma ehtimalı da səsləndirilir. Hazırda bölgənin 20 komandası var və bu da liqa yaratmağa kifayət edir.
– Bəs İspaniya futbolunun “Barselona”sız halı?!
– Boşluq yaranacaq. İndi ispan futbolunda “Barselona” və Madrid “Real”ı hegemonluq edirlər. “Barselona”nın olmaması “Real”la savaşın – “El Klassiko”ların tarixə qovuşması deməkdir. Azarkeşlər isə hər il “Real”ın çempion olmasını görməkdən bezəcəklər…
Töhfə Əzimova