“Nizami” metro stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb: “Xəmsə”nin qəhrəmanları yenidən sərnişinlərə təqdim olunub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti bildirir ki, bir ilə yaxın davam edən yenilənmə sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb: “Stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformanın altındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Təmir prosesində Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa edilib.
1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri, eləcə də digər funksional əhəmiyyətli avadanlıqlar tamamilə yararsız vəziyyətə düşmüşdü. Havalanma sistemi kifayət qədər səmərəli olmadığına görə dağıdıcı proseslər daha sürətlə davam edirdi. Buna görə təmirin birinci mərhələsində stansiyada hava axınının normal paylanmasına imkan verməyən maneələr aradan qaldırılıb. Hava dövriyyəsinin sürətini artırmaq üçün platformaaltı sahədə arakəsmələr götürülüb, kabel kollektorları təmizlənib, həmçinin hər iki platformanın dayanıqlılığını artıran konstruktiv tədbirlər görülüb.
Həmin müddətdə stansiyanın yol divarlarında istismar müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir. Təmirdən əvvəlki mərmərlər isə bu müddəti üçqat başa vurmuşdu. Əksər yerlərdə üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlmiş, rəngləri solmuşdu.
Stansiyanın memarlıq incisinin yerləşdiyi orta zalın təmir işlərinin miqyası daha geniş olub. İstismar dövründə pannoların arxasındakı dayaq elementləri olan metal konstruksiyalar tam sıradan çıxmışdı, artıq öz funksiyasını yerinə yetirə bilmirdi və bu baxımdan pannoların dağılıb tökülmək təhlükəsi yarana bilərdi. Bunun qarşısını vaxtında almaq, həmçinin təsvirlərin üzərindəki mozaika elementlərinin deformasiyaya uğramaması məqsədilə vaxtilə bəzi yerlərdə itirilmiş elementlərin yerinə mozaika komponentini əvəz edə bilməyəcək daşlar qoyulmuşdu.
Burada da təmir mərhələli şəkildə aparılıb. Əvvəlcə pannoların və keçid tağlarının (pilonların) arxasındakı metal konstruksiyalar yenilənib, korroziyadan təmizlənib. Dayaq elementləri olan bu metal konstruksiyaların yenilənməsi ilə paralel olaraq pannoların bərpasına başlanıb.
Nizami Gəncəvinin portreti və onun ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar.
Pannoarxası elementlərin təmiri üçün xüsusi hazırlanmış qurğu vasitəsilə pannolar 2-3 metr irəli çəkilib. Sonra pannonun arxa hissəsinin köhnə izolyasiya qatı dağıdılıb, müasir izolateks, silikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətədavamlı və daha etibarlı bir qat yaradılıb. Mozaik təsvirlərin üzərinə də elementlərin dayanıqlığını təmin edən maddə çəkilib.
Artıq orta zal bütünlüklə yeni mərmər libasa bürünüb. Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr bərpadan sonra xeyli cəlbedicidir. Pannoların altındakı yazılar isə latın qrafikalı Azərbaycan əlifbasının bədii şriftləri ilə verilib və bu zaman onun orijinal formatı qorunaraq saxlanıb.
Stansiyanın işıqlandırılması ilə bağlı əsaslı işlər görülüb. Tavanın çilçıraqları tam bərpa edilib. İndi stansiyanın bədii-memarlıq tərtibatı “Durlum GmbH” şirkətinin quraşdırdığı korroziyayadavamlı özəl metal asma tavanla vahid kompozisiya təşkil edir.
“Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq. Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək”.