Qəbələ Turizm İnformasiya Mərkəzinin rəhbəri Anar Məhərrəmov AZƏRTAC-a bildirib ki, iyun ayında rayona 19 min 245, iyulda 45 min 463, avqustda 39 min 191, sentyabrda 37 min 637 turist gəlib.
Məhərrəmovun sözlərinə görə, ilin əvvəlindən bəri Qəbələ 218 min 118 turist qəbul edib. Bunun 89 min 217 nəfəri yerli, 128 min 901 nəfəri əcnəbi turistlərdir. Turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdəndir.
Rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üç ulduzlu otellər, müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Statistikaya görə, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəlib, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2016-cı ildə isə rayona gələn turistlərin sayı 99 min 700 nəfər olub.