Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası keçirilir. Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin qatıldığı iclasda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.
Nazir Azərbaycanda məşğulluğun inkişafına və layiqli əmək konsepsiyasının reallaşmasına yönəldilən balanslaşdırılmış iqtisadi siyasətin milli prioritet olduğunu qeyd edib: “Milli səviyyədə layiqli əməyi ümumi inkişaf kontekstində makroiqtisadi və əmək bazarı siyasətlərinin qarşılıqlı əlaqəsi əsasında əhalinin məşğulluq imkanlarının artırılması kimi görürük. Başqa sözlə, layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq. Bununla yanaşı qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və sair məsələlərə xüsusi diqqət yetiririk”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Müslümov bildirib ki, bu siyasət ilk növbədə sosial müdafiə tədbirlərində əhatəliliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır: “Əmək və məşğulluq sahəsində siyasətin BƏT-in tripartizm prinsipi əsasında icrası bu siyasətin uğuru üçün lazımi zəmindir. Azərbaycanda 2016-cı ilin sentyabr ayında sosial tərəfdaşların sosial-iqtisadi və əmək münasibətləri sahəsində maraqlarını tənzimləyən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb. Əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsi bizi bu sahədə qəbul olunan qərarların düzgün və etibarlı olduğuna əmin edir. Cəmiyyətdə rəğbətlə qarşılanan bu cur yanaşma BƏT-də ən yaxşı təcrübə nümunəsi kimi qəbul edilərək region ölkələri üçün tövsiyə olunub”.
Sosial təhlükəsizliyin sosial hüquqların inkişafını şərtləndirən əsas amillərdən biri olduğunu qeyd edən nazir bildirib ki, bu baxımdan həll olunmamış hərbi münaqişələr, terrorizm təhlükəsi nəinki ayrı-ayrı ölkələrin, bütövlükdə dünya birliyinin sosial inkişaf imkanlarını məhdudlaşdırır: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı olmasaydı, 1 milyondan artıq insan xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan qaçqın və məcburi köçkünə çevrilməsəydi, əldə edilmiş sosial-iqtisadi nailiyyətlər daha yüksək olardı. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə baxmayaraq hələ də həll olunmamış hərbi münaqişə nəinki bizim ölkənin, bütün regionun iqtisadi inkişafına təsir göstərir. Fikrimcə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, habelə BƏT-in bir çox strateji məqsədlərinə çatmaqda maneə olan bu kimi problemlərin həlli dünya birliyindən daha böyük səylərin göstərilməsini tələb edir”.