İspaniyadan ayrılmaq üçün qanunsuz referendum keçirən Kataloniya Muxtar Vilayətində 7,52 milyon nəfərlik əhalinin yalnız 35%-i katalonlardır.
Bu il oktyabrın 1-də keçirilən referendumda muxtar vilayəti müstəqil dövlət elan etmək niyyətinə münasibət öyrənilib. İlkin nəticələrə görə, 2,3 milyon nəfər referenduma gəlib, onların 90 faizindən çoxu Kataloniyanın müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb.
Novator.az katalonların tarixinə nəzər salıb.
Katalonların Şimali Afrikanın iberlər tayfasından formalaşdığı və miladdan 700 il əvvəl Afrikadan İspaniyaya köçərək indiki Barselona şəhəri ətrafında məskunlaşdığı bildirilir.
Miladın 414-cü ildə vestqotlar İspaniyanın şimalını ələ keçirəndə bölgəyə Qotaloniya adı veriblər. 1804-1808-cü illərdə Kataloniya Fransa müstəmləkəçiliyinə qarşı qiyam qaldırıb. Nəticədə Napoleonun qoşunu Kataloniyaya daxil olaraq Barselonanı dağıdıb.
1833-cü ildən Kataloniyada sənaye sürətlə inkişaf etməyə başlayıb. İspaniyada ilk dəmir yolu 1848-ci ildə Kataloniyada istifadəyə verilib. Həmin illərdə Kataloniyada sənət, ədəbiyyat və mədəniyyətin digər sahələri də inkişaf dövrünə qədəm qoyub.
1871-ci ildə Kataloniya İspaniyadan ayrılmağa çalışıb, ancaq uzun danışıqlardan sonra krallığın tərkibində qalıb.
1898-ci ildə ABŞ-la müharibə zamanı İspaniya müstəmləkə altında saxladığı Kuba və Puerto-Rikonu itirib. Nəticədə krallıq tənəzzülə uğramağa başlayıb və bu, Kataloniyaya da sirayət edib.
1914-cü ildə Kataloniyada yerli özünüidarə şurası formalaşıb. Şura bölgənin müstəqilliyinə çalışıb, amma İspaniya hökumətinin başçısı Migel Primo de Rivyera güc tətbiq etməklə bunun qarşısını alıb.
1932-ci ildə Kataloniya İspaniya Respublikasının tərkibində muxtariyyət statusu qazanıb. Ancaq faktiki olaraq bu statusdan yararlana bilməyib. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlanıb. İspaniyanın rəhbəri Fransisko Frankonun göstərişi ilə 1939-cu ildə silahlı qüvvələr Barselonaya yeridilib, Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilib.
Frankonun ölümündən sonra, 1977-ci ildə İspaniyada referendum keçirilib, İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdıb. 1979-cu ildə Kataloniya muxtar vilayət statusu alıb.
1980-ci ildə Kataloniyada parlament seçkisi keçirilib, muxtar bölgənin hökuməti formalaşdırılıb. Parlament 135 deputatdan ibarətdir. Kataloniya hökumətinin başçısını (prezidenti) dörd ildə bir dəfə parlament seçir.
Katalonlar katalan dilində danışırlar və ispancadan ikinci dil kimi istifadə edirlər. Roman dil qrupuna aid olan katalan dilinin ispan dilinə oxşarlığı çox olsa da, bu dillər fərqlənir. Katalan dilinə ən qohum dil Fransanın cənubundakı Perpinyan şəhərinin əhalisinin dili sayılır.
Katalan dilində ilk sənədlər XII əsrə aiddir. Balear adalarının, Valensiya vilayətinin (bu dil vilayətdə Valensiya dili adlanır), cənubi Fransanın (Perpinyan), Sardiniya adalarının sakinləri bu dildə danışırlar.
Kataloniyanın dövlət məktəb və universitetlərində dərslər katalan dilində aparılır. Yaşayış məntəqələrinin əksərinin adı katalancadır.
Kataloniya əhalisinin əsas hissəsini (45%) ispanlar təşkil edir. Onlar gəlmə sayılırlar. İspanların çoxu bura son onilliklərdə köçüb.
Kataloniyada əcnəbilər də az deyil. Onlar əsasən Latın Amerikası, Afrika və Şərqi Avropa ölkələrindən gələnlərdir (13,8%).
İllərdir müstəqil dövlət olmaq üçün səy göstərən Kataloniyada son dövrlərdə üç belə cəhd qeydə alınıb. Muxtar vilayətdə 2014-cü il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin çoxu Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.
2015-ci il noyabrın 9-da Kataloniya Muxtar Vilayətinin parlamenti bölgədə respublika qismində müstəqil dövlət yaradılması prosesinə qərar verib. İspaniyanın Konstitusiya Məhkəməsi qətnamənin ləğvi barədə qərar çıxarıb.
İspaniya hökuməti 2017-ci il oktyabrın 1-də keçirilmiş referendumun nəticələrinin də heç bir hüquqi qüvvə daşımadığını bəyan edir.