Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2011-ci ildə yekunlaşıb.
Layihənin 2012-ci ildə başlanan ikinci mərhələsində ümumi tutumu 7 min kubmetr olan 4 anbar inşa edilib. Şəhərdə 8,9 kilometr uzunluğunda magistral su kəməri, 134 kilometrlik içməli su şəbəkəsi yaradılıb. Layihədə nəzərdə tutulan 8300 ünvana birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da abonentlərə yeni şəbəkə vasitəsilə suyun verilməsi təmin edilib.
Şamaxı şəhərində 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin və baxış quyularının inşası yekunlaşıb. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün kanalizasiya nasos stansiyası inşa edilib, 11 kilometr uzunluğunda kanalizasiya kollektoru tikilib.
Layihənin sonuncu mərhələsində isə məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyən qurğu inşa edilərək istismara verilib. Qurğunun inşası və bütövlükdə layihə Şamaxı şəhərində əhalinin artımı, sənayenin və turizmin inkişafı perspektivi nəzərə alınmaqla həyata keçirilib.
AZƏRTAC -ın məlumatına görə, sonra İlham Əliyev əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışına qatılıb.
Yolun uzunluğu 8 kilometrdir. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir.