Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı deyib ki, Şamaxı rayonunda işlər yaxşı gedir, böyük layihələr icra edilir: “Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, böyük investisiyalar qoyulub. Əlli üç kilometrlik yoldur. İndi tam əsaslı şəkildə bərpa edilib və 16 kəndi birləşdirən rahat bir yol artıq Şamaxı sakinlərinə təqdim edilir.
Bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Yolun üstündə böyük kənd təsərrüfatı müəssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturu yaxşılaşır. Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaq. Eyni zamanda bu böyük yolun çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilib. Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar.
Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilib. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıb, ondan da çoxdur, daha da artacaq.
Şamaxı şəhərinin içməli su layihəsi də artıq öz həllini tapıb. Bu da çox böyük, tarixi layihədir. Çünki içməli su hər bir insan üçün bəlkə də ən vacib məsələlərdən biridir. Biz Şamaxıda bu məsələni də həll etmişik.
Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərəfli münasibətlər əsnasında, həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir”.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Şamaxının iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır: “Bu yolun üstündə yeni aqroparklar salınır. İndi mənə verilən məlumata görə, Şamaxı rayonunda üç aqropark artıq fəaliyyətə başlayıb. Aqroparklarla bağlı bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə 37 aqropark yaradılır. Onların bir neçəsi istifadəyə verilib. Aqroparklara texnika verilir, infrastruktur yaradılır. Özəl sektora kreditlər verilir, fermerlər, iş adamları da öz vəsaitini qoyurlar ki, tezliklə bitkiçilik və heyvandarlıq sahələrində daha da yaxşı nəticələr əldə edək. Bax, o 37 aqroparkın üçü Şamaxı rayonundadır. Birinin ərazisi 15 min hektar, digərinin ərazisi 1500 hektar, üçüncünün isə ərazisi 2 min hektardır. Yəni 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradılır. Həm insanlar işləyəcək, məhsul yetişdiriləcək, bolluq yaranacaq və ixrac imkanlarımız da genişlənəcək.
Son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır. Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.
Şamaxı turizmin inkişafı üçün də çox böyük imkanlara malik olan bir rayondur. Həm tarixi, dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə cavab verən otellər tikilir. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əlamətdar hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Orada açıq şəraitdə heyvanlar, ceyranlar, marallar müşahidə olunur. Bizdə də Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, – o da tarixi bir yerdir, – bərpası da artıq öz həllini tapıb. Ona görə turizmin inkişafı daha da sürətlə getməlidir. Çünki Şamaxının həm təbii şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, infrastruktur layihələrinin, hotellərin mövcudluğu bunu şərtləndirir”.