Oktyabrın 2-si Qobustanda şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edən prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. O deyib ki, Qobustan şəhərinin içməli su probleminin həlli çox əlamətdar hadisədir: “İçməli su problemi həmişə burada insanları çox ciddi narahat edirdi. İndi isə bu problem birdəfəlik həll olunub. Artıq şəhər sakinləri və bir neçə kəndin əhalisi təmiz, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunurlar.
İçməli su layihələri ölkəmizdə geniş vüsət alıb. Bir çox şəhərimizdə bu layihələr başa çatıb, bəzi şəhərlərdə davam edir. Qarşıya məqsəd qoyulub ki, bütün şəhərlərimizdə və əksər kəndlərdə bu məsələ öz həllini tapsın və biz bu istiqamətdə çox ciddi addımlar atırıq”.
Dövlət başçısı ölkənin ümumi iqtisadi durumuna toxunaraq deyib: “Əminəm ki, bu ili uğurla başa vuracağıq. Gələn il isə sürətli iqtisadi inkişaf ili olacaq. İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında öz əksini tapır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerə layiq görüb. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq.
Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranıb, buna baxmayaraq görün nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir.
Bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk.
Bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir. İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bu amillər uğurlarımızın əsasını təşkil edir”.
Xəbəri AZƏRTAC yayıb.