Avropa Şurasının baş katibi Torbyorn Yaqland Facebook səhifəsində açıqlama yayaraq Azərbaycanın hakim dairələrinin quruma və ona hücum kampaniyası təşkil etdiyini vurğulayıb. Azadliq.info-nun məlumatına görə, baş katib yazır ki, Avropa Şurasının tarixi boyu onun baş katibinə qarşı belə qarayaxalıq kampaniyası olmayıb: “Bu kampaniyaya səbəb uzun illərdir həbsdə saxlanan İlqar Məmmədovun azadlığa buraxılması üçün Avropa Şurasının 3 il əvvəl irəli sürdüyü tələbi Azərbaycan hakimiyyətinin yerinə yetirməməsini pisləməyim və daha ciddi addımlara çağırmağımdır.
Məni narahat edən odur ki, Azərbaycan hakimiyyəti həbsdəki fəallara qarşı zorakı siyasətini, əfv ərizəsi alıb onları Heydər Əliyevin heykəli önünə göndərmək praktikasını davam etdirəcək. Biz indiyədək dəfələrlə belə mənzərənin şahidi olmuşuq. Mən hələ 2 il əvvəl Avropa Şurası Nazirlər Komitəsində belə praktikanın dözülməz olduğunu bildirmişdim.
Biz nəhayət, neft-qaz maraqlarını kənara qoyub siyasi məhbus məsələsinə xüsusi önəm verməliyik. Siyasi məhbuslara azadlıq tələbimizlə biz Avropanın müqəddəs hesab etdiyi ədalətli məhkəmə prinsipinə sadiqliyimizi nümayiş etdirməliyik”.
Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 21-də REAL Hərəkatının lideri İlqar Məmmədovun işi üzrə qərar çıxarıb. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrasız qalması ilə bağlıdır.
Katibliyə aralıq qətnamə layihəsi hazırlamaq tapşırılıb. Həmin qətnamədə Azərbaycana öhdəliyini yerinə yetirməməsi, hökmü icra etməməsi ilə bağlı rəsmi xəbərdarlıq (məsələnin Avropa Məhkəməsində qaldırılacağı xəbərdarlığı) yer alacaq. İlqar Məmmədovun azadlığa buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Novator.az bildirir ki, Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsindən şikayətini təmin etməyib.