Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Ahıllar Günü ilə bağlı açıqlama yayıb.
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi qətnamə əsasında oktyabrın 1-də qeyd olunan qeyd olunan Beynəlxalq Ahıllar Günü ahılların problemlərinin həllinə diqqət və qayğının artırılması məqsədi daşıyır.
“Sosial xidmət haqqında” qanuna əsasən, Azərbaycan da yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci ilə olan rəsmi statistikaya əsaslanaraq bildirir ki, ölkədə 377,8 min nəfər ahıl var. Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329 275 nəfəri ahıl vətəndaşlardır. Onların 201 838 nəfəri qadın, 127 437 nəfəri kişidir. Ahıl pensiyaçıların 208 611 nəfəri 70-80 yaş arası, 110 936 nəfəri 80-90 yaş arası, 9728 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. Ümumilikdə ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur, əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.
Ölkədə əmək pensiyaçılarının sayı 1 iyul 2017-ci ilə 1 milyon 325 min nəfər olub, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır. Ölkədə əmək pensiyalarının orta aylıq məbləği 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 224 manata çatıb. Axır on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb.
Ahıl vətəndaşların bir qismini təşkil edən 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına ödənilən orta aylıq pensiya məbləği 356 manatdır. 2008-ci ilin 1 sentyabrından digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə də prezidentin aylıq təqaüdü ödənilir. Həmin təqaüdlərin məbləği I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manatdır.
İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər də prezident təqaüdləri ilə təmin edilirlər.
Hər il İkinci Dünya müharibəsi iştirakçılarına, müharibədə və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir. Bu il 13 312 nəfər şəxs, o cümlədən İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər biri 1000 manat, digər təbəqələrə aid 12 549 nəfərin hər biri isə 500 manat məbləğində birdəfəlik maddi yardım alıb.
Ötən dövrdə İkinci Dünya müharibəsi əlillərindən 102 nəfər dövlət büdcəsi hesabına mənzil, 1118 nəfər minik avtomobili ilə təmin olunub.
201 nəfər, o cümlədən 137 nəfər ahıl şəxs Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) yaşayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11208 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidmət göstərir. Həmin insanların 8857 nəfər ahıl şəxslərdir.