Rəsmi Bakı Miçiqan ştatı Senatının işğalçı Qarabağ rejimini tanımasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ABŞ-ın xarici siyasətini federal hökumət müəyyən edir: “ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir.
ABŞ-ın bu mövqeyi sentyabrın 22-də BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurası və ABŞ arasında keçirilmiş görüşdə qəbul edilmiş yekun bəyanatda bir daha öz təsdiqini tapıb. Bəyanatda ABŞ-ın Helsinki Yekun Aktına uyğun olaraq GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova – red. ) suverenliyinə və ərazi bütövlüyünə sadiqliyi bir daha bəyan edilir. Həmçinin GUAM-a üzv dövlətlərin məruz qaldıqları gücdən istifadə təhdidinə münasibətdə narahatlıq ifadə olunur”.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlarla həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ermənistan və ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan bəzi şəxslər özlərini gülünc vəziyyətinə qoyan bu kimi lüzumsuz fəaliyyətlə məşğul olurlar.