Sentyabrın 29-u Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
İlham Əliyev deyib ki, Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir: “Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət idmanın hərtərəfli inkişafına nail ola bilib. Bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez sevindirsinlər. Bu birgə fəaliyyət nəticəsində və idmana cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atıb”.
AZƏRTAC xəbər verir ki, prezident Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksinin tikildiyini vurğulayıb: “Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir.
Biz idmanda əldə edilmiş nailiyyətlərlə fərəhlənirik. Çünki bizim idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1996-cı ilin Yay Olimpiya Oyunlarında iştirak edib və o vaxt cəmi 1 medal qazanıb. Ondan 20 il sonra Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 18 medal qazanıblar və medalların sayına görə komanda hesabında Azərbaycan 14-cü yerə layiq görülüb. Bu tərəqqi idmanın inkişafını göstərən ən gözəl amildir”.
Dövlət başçısı yubiley mərasiminin onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib: “Çünki mən iyirmi ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına, idmana həsr edilib.
Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların məişət problemlərinin həllində də fəal iştirak edirlər. Hər il ilin yekunlarına görə iyirmidən çox görkəmli idmançıya dövlət mənzillər, digər mükafatlar, təqaüdlər verir. Yəni biz daim çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib.
İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət böyükdür. Bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlətin verdiyi qiymət və dəstək uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək.
Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir.
Bizim həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir.
Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi idman sahəsində də bu uğurlara imza atıb”.