Sentyabrın 29-u Milli Məclisin binasında Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihə prezidentin təklifidir.
Müzakirədə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev qeyd edib ki, qanun layihəsinə əsasən, ümumilikdə 34 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınır: “Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Buraya humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrum edilmə sanksiyalarının azaldılması da daxildir.
18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlərə aid olmayan kateqoriyaya, dörd cinayət isə ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.
13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib.
Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb. Belə əməllərin sayı 15-dir və əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqdan törədilən cinayətlərdir.
Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməllərin dekriminallaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd beş dəfə artırılıb, nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminallaşdırılıb.
Həddin beş dəfə artırılması mülkiyyət əleyhinə bəzi cinayətlərə aid edilmir. Lakin həmin əməllərin dekriminallaşdırılması o demək deyil ki, onları törədənlər cəzasız, məsuliyyətdən kənarda qalacaq. Belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar.
Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində bir çox tərkiblərə görə azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə halların sayı 60 faizə yaxın idi. Odur ki, azadlıqdan məhrumetmə ilə bağlı olmayan yeni növ cəzanın – azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik.
Əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub. Lakin həmin cəza növü tamamilə fərqli idi, şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonradan bu cəza növü effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Belə ki, azadlığı məhdudlaşdırılmış şəxslərə nəzarət elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunmaqla həyata keçiriləcək”.
Xəbəri AZƏRTAC yayıb.