Sentyabrın 27-si 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” informasiya agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.
Agentlik Lokal Gəlirlər Departamentin 2014-2016-cı illər üzrə əlavə vergi sanksiyaları hesablaması və növbədənkənar səyyar yoxlama təyini barədə 7 avqust 2017-ci il qərarının qanunsuz sayılmasını istəyir. Həmin qərara əsaslanan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti agentliyə qarşı vergi ödəməmək ittihamı ilə cinayət işi başlayıb.
Hakim Müseyib Bayramov bu iddianın “Turan” agentliyinin digər iddiası ilə bir icraatda birləşdirilməsini təklif edib. Həmin iddiada agentlikdə 2010-2016-cı illər üçün vergi yoxlamasının aparılması barədə 16 avqust 2017-ci il qərarının qanunsuz sayılması xahiş olunub.
Tərəflər hakimin təklifi ilə razılaşıblar və birləşdirilmiş iddialara baxılması oktyabrın 11-nə təyin edilib.
Lokal Gəlirlər Departamenti may ayında 2016-cı ilə görə “Turan” agentliyinə 4 min manat sanksiya təyin edib. Ancaq “Turan”ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası iyunun sonlarında bu qərarı ləğv edib. Avqustun 7-də 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi təyin olunub və agentliyə qarşı cinayət işi başlanıb.
Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Ancaq sentyabrın 11-də başqa yerə getməmək iltizamı ilə azadlığa buraxılıb.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində “Turan”ın fəaliyyəti məhdudlaşıb.