“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə araşdırması oktyabrın 10-da başlayacaq. Sentyabrın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş hazırlıq iclasında belə qərar verilib.
Novator.az-ın məlumatına görə, hazırlıq iclasında vəkil Cavad Cavadov cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi və jurnalistin məhkəmə zalındakı şüşə qəfəsdən çıxarılması haqqında vəsatətlər qaldırıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda yalnız sonuncu vəsatət təmin edilib.
Jurnalistin həyat yoldaşı Lamiyə Orucova Novator.az-a bildirib ki, hazırlıq iclasında Əziz Orucovun anası da iştirak edib və uzun müddətdən bəri ilk dəfə oğlu ilə görüşüb.
Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib.
Əziz Orucov dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinir. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Direktorun həbsindən az sonra “Kanal 13” fəaliyyətini dayandırıb.