“Azadlıq” radiosunun Azadliq.org saytına, “Azadlıq” qəzetinin Azadliq.info saytına, “Turan TV”nin Azerbaycansaati.com saytına, “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qərarından şikayətə baxılacaq. Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib.
Xəbəri Azadliq.org yayıb.
Novator.az bildirir ki, Abiddin Hüseynov 1977-ci ildə doğulub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (bakalavriat, magistratura) və Rusiya Hüquq Akademiyasının hüquq fakültəsini bitirib. Konstitusiya Məhkəməsində aparıcı mütəxəssis, məsləhətçi, aparat rəhbərinin köməkçisi, şöbə müdirinin müavini vəzifələrində çalışıb, Binəqədi Rayon Məhkəməsinin hakimi olub. 2013-cü ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Səbail Rayon Məhkəməsi saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklayıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.
Bu il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.