Ermənistanda “soyqırımı” abidəsini ziyarət etdiyinə görə Azərbaycanda ictimai qınağa məruz qalan Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridi bəyanatla çıxış edib.
Reza Moridi (Rza Müridi) əslən azərbaycanlıdır. O, 1945-ci ildə Güney Azərbaycanın Urmiya şəhərində doğulub. Orta və ali təhsilini İran paytaxtı Tehranda alıb. Sonra təhsilini Böyük Britaniyada davam etdirib. Fizika üzrə fəlsəfə doktorudur. 2013-cü ildən Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziridir.
2017-ci ilin sentyabr ayının əvvəllərində Reza Moridi Azərbaycanda səfərdə olub, ayın 5-6-da Bakı Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində görüşlər keçirib, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olub.
Azərbaycana səfərindən əvvəl isə o, Ermənistanda olub. Ancaq Azərbaycanı tərk edəndən sonra üzə çıxıb ki, Reza Moridi Yerevanda “soyqırımı” abidəsini ziyarət edib, “soyqırımı” muzeyinin xatirə kitabına ürək sözlərini yazıbmış. Belə ki, sentyabrın 11-də nazir özünün Facebook səhifəsində Yerevan səfərindən fotoşəkillər paylaşıb. Şəkillərin üstündən yazıb ki, o, avqustun 23-də Yerevanda erməni soyqırımı muzeyini və memorialını ziyarət edib, bir əsrdən çox əvvəl faciəli surətdə həlak olmuş insanların xatirəsini anmaq və xatirə kitabını yazmaq şərəfinə nail olub.
Bu məsələ Azərbaycan mediasında işıqlandırılandan sonra xüsusilə sosial şəbəkələrdə Reza Moridinin ünvanına kəskin tənqidlər yazılıb, o, milli mənsubiyyətinə biganəlikdə, tarixi saxtakarlığa şərik çıxmaqda ittiham edilib.
Sentyabrın 18-də Novator.az saytında “Azərbaycanlı nazirin erməni ağrısı üzə çıxıb” başlıqlı xəbər dərc olunub.
Sentyabrın 25-də Kanadanın Ontario vilayətinin Tədqiqat, İnnovasiya və Elm Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Loren Souç (Lauren Souch) Novator.az saytının redaksiyasına nazir Reza Moridinin Ermənistan və Azərbaycana etdiyi son səfəri ilə bağlı bəyanatını təqdim edib.
Bəyanatında nazir deyir: “Həm Kanada dövləti, həm də Ontario vilayəti erməni soyqırımını tanıyıb, həmin dövrlərdə ermənilərin məruz qaldığı faciəvi iztirabları qınayıb. Erməni soyqırımı öhdəliklərimizlə bağlı tariximizdən dərs almağı bizə xatırladır”.
Nazir qeyd edir ki, 2010-cu ildə Ontario parlamentinin üzvü kimi Bakıda olub. Eyni zamanda o, həmin il Ontario parlamentinin spikeri ilə birgə Azərbaycanın Kanadadakı səfirliyinin nümayəndələrini parlamentə dəvət edərək salamladığını vurğulayır: “Əvvəllər isə mən Azərbaycanın müstəqilliyi günü ilə əlaqədar Ontario parlamentində bəyanatlar vermişəm, həmin gün Torontoda Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak etmişəm”.
Bəyanatının sonunda Reza Moridi naziri olduğu əyalətin “Ermənistan, Azərbaycan və Türkiyə ilə dostluq və əməkdaşlıq əlaqələrinə malik olduğunu”, bu əlaqələrin davamına ümid etdiyini bildirir.
Novator.az xatırladır ki, saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb.