Prezident İlham Əliyev sentyabrın 24-ü Neftçala və Salyanda sosial-iqtisadi məsələlərlə bağlı yeni vədlər verib. Neftçala Sənaye Məhəlləsinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə dövlət başçısı ölkədə sənayeləşmə siyasətinin uğurla aparıldığını deyib: “Bizim iri sənaye mərkəzlərimizdə, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir. Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq.
Biz bu zonaların yaradılması ilə iş adamlarına növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olub. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayırıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyub”.
Prezident qeyd edib ki, Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq: “Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər. Bilirsiniz ki, bu göstəriciyə görə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır, Azərbaycanda işsizlik çox aşağı səviyyədədir. Ancaq biz daim yeni iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Çünki Azərbaycanda əhalinin sayı hər il ən azı 100 min nəfər artır. Əlbəttə, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Elə iş yerləri yaradılmalıdır ki, onlar həm sənayenin, həm kənd təsərrüfatının inkişafına xidmət göstərsin və bu iş yerlərinin yaradılması nəticəsində istehsal olunan məhsullar idxalı da əvəzləsin. Biz Neftçala Sənaye Məhəlləsində bunu görürük. Burada demək olar ki, təqdim edilən bütün müəssisələr idxalı azaldacaq, əvəzləyəcək, yerli məhsul daxili və xarici bazarlara çıxarılacaq.
Bu sənaye məhəlləsinin çox böyük mənası var. Bu onu göstərir ki, biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar vaxtında, yüksək səviyyədə icra olunur. Biz bu məhəlləni cəmi iki il ərzində yarada bilmişik. Bu deməyə əsas verir ki, hər bir rayonda belə sənaye məhəllələri yaradıla bilər. Əslində bu məsələ ilə bağlı müvafiq göstəriş artıq verilib və əminəm ki, tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq.
Gələn ilin investisiya proqramında dövlət investisiya xərcləri sırasında mütləq bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Müvafiq göstəriş verilib və bölgələrdə yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş adamları da bu zonaların yaradılmasında fəal iştirak etməlidirlər”.
Novator.az-ın məlumatına görə, Salyanda Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşən prezident deyib ki, bu il 40 yol layihəsi icra edilir: “Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosial yönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir”.
Dövlət başçısı kənd təsərrüfatı və sənaye istehsalının inkişafına böyük önəm verildiyini vurğulayıb: “Bu istiqamətdə də addımlar atılır. Böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir və sənaye istehsalının artırılması istiqamətində də addımlar atılmalıdır. Bu gün mən Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak etmişəm. Bizim bir çox şəhərlərimizdə buna oxşar sənaye zonaları yaradılmalıdır, o cümlədən Salyan şəhərində. Müvafiq göstəriş verilib, gərək yerli icra orqanları yer ayırsınlar və dövlət bütün infrastruktur layihələri orada icra edəcək və sahibkarlar üçün yaxşı şərait yaradacaq. Çünki bundan sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli ümumi inkişafını təmin edəcək.
Son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır. Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixrac yönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaq. İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilib – pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq – biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır”.
İlham Əliyev 2018-ci ilin iqtisadi göstəricilərinin daha yaxşı olacağını deyib: “Gələn il bu ilə nisbətən daha da böyük həcmdə dövlət investisiya proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaq. Yəni iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir ölkədir. Gələcək illərdə bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə, bütün rayonlarda işlər daha da yaxşı gedəcək”.