Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, kansler Angela Merkelin Xristian Demokrat və Xristian Sosial ittifaqlarından ibarət alyansı Bundestaqda hamıdan çox yer götürüb. Hakim alyans 246 mandat əldə edib.
Avropa Parlamentinin sabiq sədri Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası 153 mandatla ikinci yeri tutub.
Qatı millətçiləri birləşdirən Almaniya Üçün Alternativ Partiyası üçüncü olub: 94 mandat.
Azad Demokrat Partiyası 80, Sol Partiya 69, Yaşıllar Partiyası 67 mandat qazanıb.
42 partiyanın mübarizə apardığı seçkinin yekununda Bundestaqın yeni tərkibinin 709 nəfərdən ibarət olacağı bilinib. Əvvəlki tərkibdə 630 nəfər yer alırdı.
Kansler Angela Merkel yeni hökuməti qurmaq üçün koalisiya danışıqlarına başlamalı olacaq. Sosial demokratlar bəri başdan müxalif olacaqlarını bəyan ediblər.
Angela Merkel 1954-cü ildə Almaniya Federativ Respublikasının Hamburq şəhərində doğulub. Üç yaşında olarkən valideynləri ilə Almaniya Demokratik Respublikasına köçüb.
1978-ci ildə Leypsiq Universitetinin fizika fakültəsini bitirən Angela Merkel uzun müddət elmi fəaliyyətlə məşğul olub, 1990-cı ildə Almaniya birləşəndən sonra siyasətə qoşulub. O, əvvəl Xristian Demokrat İttifaqının üzvü, sonra parlamentin bu partiyadan deputatı olub. 1991-ci ildə sədr müavini, 1998-ci ildə baş katib, 2000-ci ildə sədr seçilib.
Angela Merkel 1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri postlarını tutub. O, 2005-ci ildən Almaniya kansleridir.