Sentyabrın 24-də prezident İlham Əliyev Neftçala rayonuna səfər edib.
Öncə dövlət başçısı Neftçala Sənaye Məhəlləsinin açılışına qatılıb. Sənaye məhəlləsində 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. İstehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.
Məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.
Prezident balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub. İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Yaradılmasına 12 milyon manat investisiya yönəldilən müəssisədə 26 nəfər işlə təmin ediləcək.
İyirmi ildir fəaliyyət göstərən “Metak” MMC də Neftçala Sənaye Məhəlləsində öz müəssisəsini yaradıb. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub.
Prezident “Gilan PİVOT” MMC-nin fəaliyyəti ilə də tanış olub. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. 15 nəfərin işlə təmin olunması planlaşdırılan müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.
Kiçik sahibkarlar üçün yaradılan emalatxanada isə müxtəlif məmulatlar hazırlanacaq. Burada 10 nəfər daimi işlə təmin olunacaq.
İlham Əliyev “Toğrul-2008” MMC-nin müəssisəsinə də baş çəkib. Müəssisədə polietilen suvarma boruları istehsal edilir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.
“Providence Limited” MMC də Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək. Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan müəssisəyə 80 min manat investisiya yönəldilib. Hazırda müəssisədə 15 nəfər çalışır.
Neftçala Sənaye Məhəlləsinin daha bir iştirakçısı “Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin oktyabrında istifadəyə veriləcək müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.
“Sun Rise Production” MMC-nin müəssisəsində kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra prezident İlham Əliyev 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib.
İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanıb və 2017-ci ildə başa çatdırılıb.
Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir.
Dövlət başçısı Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasiminə də qatılıb.
Səfərin sonunda İlham Əliyev rayon ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub, pambıqçılarla söhbət edib.
Həmin gün Salyan rayonuna da gedən dövlət başçısı “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib. Yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, dövlət əhəmiyyətli obyektləri, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir.
Sonra İlham Əliyev 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışına qatılıb.
Dövlət başçısının iştirakı ilə Bayraq Muzeyi, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu açılıb.
İlham Əliyev həmçinin Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub. Kompleks 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Hər xəttin istehsal gücü 1000 kubmetrə bərabərdir. Gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olur və həmin sudan 2000 kubmetr içməyə yararlı su istehsal edilir.