Müsavat Partiyası konstitusiya və seçki islahatları təklif edir. Təkliflərdən biri də Milli Məclisin proporsional sistemlə seçilməsi, deputatların sayının 200 nəfər müəyyən edilməsidir.
Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə (dairələr üzrə) seçilir. 1995-2002-ci illər arasında qarışıq sistem qüvvədə olub, deputatların 100-ü majoritar üsulla, 25-i proporsional üsulla (partiya siyahıları üzrə) müəyyənləşib.
Son statistikaya görə, Azərbaycanın 9 milyon 858 min 860 nəfər əhalisi var. Bunun 5 milyon 163 min 250-si seçicidir. Hər 78,9 min nəfərə və ya 41,3 min seçiciyə 1 deputat düşür.
Proporsional üsula keçməyə, deputatların sayını artırmağa ehtiyac varmı? Novator.az bu suallarla deputatlara müraciət edib.
Fazil Mustafa, Böyük Quruluş Partiyasının sədri:
– Bu məsələlər dəfələrlə gündəmə gətirilib, nəticə olmayıb. Seçki sistemi və deputatların sayı konstitusiya ilə müəyyən edilir, hər hansı dəyişiklik üçün referendum keçirilməlidir. Ona görə hazırda belə müzakirələrdə bir anlam görmürəm.
Asim Mollazadə, Demokratik İslahatlar Partiyasının sədri:
– Uzun müddətdir Milli Məclisdə təmsilçilik kvotası müəyyən edilib, parlament majoritar sistemə, seçki dairələrinə uyğun formalaşdırılır.
Deputatların sayını çoxaltmağa gəlincə, bununla biz sadəcə dövlət büdcəsinin yükünü artırmış olacağıq. Azərbaycan əhalisinin sayına görə elə də böyük ölkə deyil ki, parlamentdə 200-300 deputata ehtiyac olsun.
Araz Əlizadə, Sosial Demokrat Partiyasının sədri:
– Proporsional seçki sistemində pis heç nə görmürəm. Amma bu sistemin tətbiqi indi mümkün deyil. Çünki ölkədə referendum keçirilməlidir.
Deputatların sayı da yalnız referendum yolu ilə artırıla bilər. Filan qədər xərc çəkib referendum keçirmək isə mənasızdır.
Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü:
– Belə bir dəyişikliyə ehtiyac yoxdur. Milli Məclisdə optimal sayda deputat var. Hər deputat təqribən 40 min seçicini təmsil edir. Bu, seçicilərlə real işləmək, onların maraqlarını parlament tribunasından səsləndirmək üçün kifayətdir.
Deputatların sayının artması onların saxlanması üçün büdcə xərcinin də artırılması deməkdir. Hazırda hər bir deputatın əməkhaqqının, fəaliyyətinin təmin edilməsi üçün optimal büdcə formalaşdırılıb.
Proporsional sistemlə seçkiyə gəlincə, 2002-cü ildə Azərbaycan bundan imtina edib. Hər bir partiya majoritar qaydada öz namizədini irəli sürə bilir. İş ondadır ki, müxalifət partiyaları seçicilərlə işləmək istəmirlər. Ona görə istəyirlər ki, partiya siyahıları üzrə seçki olsun, siyahını ortaya qoyub ümumi şəkildə çıxış etməklə seçki kampaniyalarını aparsınlar.
Azərbaycan seçicisi konkret öz namizədini, öz deputatını tanımaq, problemlərini ona eşitdirmək istəyir. Artıq bu sistem, yəni majoritar sistem oturuşub. Məsələn, mən Mingəçevirdə deputat seçildiyim dairənin seçiciləri ilə görüşüb onların qaldırdığı problemləri dinləyirəm. Proporsional sistemdə isə deputat həm hamını təmsil edir, həm də heç kəsi. Deputatın konkret bir seçki dairəsi ilə bağlılığı olmur və buna görə kimsə ondan nəsə tələb edə bilmir. Bu baxımdan hesab edirəm ki, indiki parlament seçkisi sistemi daha məqbuldur və deputatların sayı da kifayət qədərdir.
Vahid Əhmədov, bitərəf:
– Parlament seçkisinin üsulu və deputatların sayı ilə bağlı məsələlər mediada müntəzəm qaldırılır, müxtəlif partiyalar Milli Məclis deputatlarının sayını 200-250-yə çatdırmaq təklifləri verirlər. Amma bizim cəmi 10 milyon nəfər əhalimiz var və əhalisinin sayı bu qədər olan ölkə üçün 125 deputat heç də az deyil.
Proporsional sistemin tətbiqinə gəldikdə, bu məsələ təhlil edilməlidir. İndi Milli Məclis majoritar qaydada formalaşdırılsa da, orada bir neçə partiya təmsil olunur. Proporsional sistem tətbiq edilə bilər, amma nəzərə alaq ki, seçilən elə majoritar qaydada da seçilə bilər.
Töhfə Əzimova