Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli Novator.az saytının Bakıda keçiriləcək mitinqlə bağlı suallarını cavablandırıb.
Milli Şuranın təşkil etdiyi aksiya sentyabrın 23-ü saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olacaq. Bakı Şəhər İcra Hakimiyyəti mitinqi sanksiyalaşdırıb. Aksiyada məqsəd korrupsiyaya, insan hüquqlarının tapdanmasına etiraz etməkdir.
– Mitinqə hazırlıq nə yerdədir?
– Hazırlıq işləri davam edir. Hər hansı maneə törədilməsə, düşünürəm ki, mitinq kütləvi olacaq.
– Maneələr varmı?
– Bəli. Aksiyamız Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılsa da, maneələr var. İnsanların aksiyada iştirakını əngəlləməyə çalışırlar. Bir qayda olaraq aksiyalar zamanı Bakıda da, bölgələrdə də insanların mitinq yerinə gəlməsinə əngəllər yaradılır. Təbii ki, bu aksiyanın kütləviliyinə müəyyən qədər mənfi təsir edir. Amma əsas məsələ iştirakçıların sayı deyil. Əsas aksiyanı zəruri edən məsələləri xalqa çatdırmaqdır.
– Bu mitinqdə təxminən nə qədər iştirakçı gözləyirsiniz?
– Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionun tutumu nə qədərdirsə, aksiyaya da o qədər adamın gələcəyini gözləyirik. Bu, xalqın mitinqidir və maneələr olmasa, daha çox adam da gələ bilər.
– Mitinqdə kimlərin çıxış etməsi nəzərdə tutulur?
– Hava hələ isti keçir. Ona görə dörd-beş nəfərin çıxışı nəzərdə tutulub. Kimlərin çıxış edəcəyi isə hələ dəqiqləşməyib. Milli Şuranın Koordinasiya Mərkəzi hazırda bu məsələni müzakirə edir.
– Aksiyada Milli Şuraya daxil olmayan qüvvələrin də iştirakı gözlənirmi?
– Təşkilatçılığı Milli Şura etsə də, bu, ümumxalq mitinqidir. Aksiya ilə bağlı müraciət xalqa ünvanlanıb, ona görə buna ayrıca qurumun deyil, xalqın aksiyası kimi baxmaq lazımdır.
– Aksiyanın nəticə verəcəyinə inanırsınız?
– Azərbaycanda korrupsiya tüğyan edir və bunun müzakirəsi artıq bütün dünyada gedir. Belə bir vəziyyətdə ölkədə aksiya keçirməmək düzgün olmazdı. Aksiyamızı zəruri edən səbəblərdən biri də budur. Xalqın, dövlətin pulu qanunsuz yollarla ölkədən çıxarılır, ofşor zonalarda yerləşdirilir. Bütün bunlar sənədlərlə müəyyən olunub. Bu nüans bir daha aksiyada hər kəsin iştirakını vacib edir. Talanan xalqın vəsaitidir. Oğurlanan isə təkcə pul deyil. Həm də vətəndaşlarımızın gələcəyi oğurlanır. Xalq özünü dövlətin sahibi kimi hiss etməli və qanunsuzluqlara etirazını bildirməlidir.
Məleykə Ağayeva