“Beynəlxalq ictimaiyyət erməni faşizminə son qoymalıdır”
- 21 Sentyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
“Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”. Sentyabrın 20-si Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev belə deyib.
Dövlət başçısı çıxışının çox hissəsini Qarabağ münaqişəsinə ayırıb: “25 ildən çoxdur Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımını 10-dan artıq ölkə rəsmən tanıyıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.
Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul ediblər. Ermənistan bu qərar və qətnamələri icra etmir.
Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir.
Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.
Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.
Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə 26 mülki şəxs yaralandı. Yüzlərlə evimiz dağıdıldı.
Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda – Ağdərə, Füzuli və Cəbrayılda bir neçə ərazini azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.
Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edib, 2 dinc sakini – 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirib.
2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlanı erməni əsgərlər yaralayıb. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev həmin gün BMT-nin baş katibi Antonio Quterreş ilə görüşündə də Qarabağ məsələsinə toxunub. Prezident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirib: “Ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də nəticə yoxdur. Biz istəyirik insanlarımız öz dədə-baba yurdlarına qayıdıb orada rahat yaşasınlar”.
İlham Əliyev qeyd edib ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir: “BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir”.
Bununla da prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb.
Novator.az xatırladır ki, Ermənistan prezidenti Serj Sərkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında sentyabrın 19-da çıxış edərək Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmadığını deyib, Dağlıq Qarabağın demokratik inkişaf yolu tutduğunu iddia edib, Azərbaycanı bu fonda orta əsrlərin simvolu adlandırıb.
Dövlət başçısı Dağlıq Qarabağı Azərbaycana zorla qoşmaq səylərinin nəticəsiz qalacağını vurğulayıb, Azərbaycanı Dağlıq Qarabağın öz gələcəyini azad təyin etmək hüququna hörmət etməyə çağırıb.
1988-ci ilin fevral ayında Dağlıq Qarabağ erməniləri bölgəni Ermənistana birləşdirmək tələbi ilə separatçı hərəkata, işğalçı müharibəyə başlayıb. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu tutub. O vaxtdan bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
Serj Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.