Müsavat Partiyası seçki islahatları ilə bağlı təkliflər layihəsi açıqlayıb. Bastainfo.com-un məlumatına görə, sentyabrın 19-u Müsavat Partiyasının mərkəzi qərargahında təqdim olunan layihədə bildirilir ki, yerli və beynəlxalq ictimaiyyətin etimad göstərmədiyi, saxta seçkilər vasitəsilə hakimiyyəti zəbt etmiş zümrənin demokratik seçki yolu ilə dəyişməsi ümummilli zərurətdir: “1918-ci ildə Şərqdə ilk demokratik respublika yaratmağa nail olan Azərbaycan dövlətində hazırda azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait və müvafiq qanunvericilik bazası mövcud deyil. 1995-ci ildə qəbul edilmiş konstitusiyanın, 1998 və 2003-cü illərdə qəbul olunmuş seçki qanunvericiliyi aktlarının sonradan dəyişikliklər hesabına daha da mürtəce hala salınması (proporsional seçki sisteminin ləğvi, seçki komissiyalarının tam olaraq hakim partiyanın nəzarəti altına salınması, seçki kampaniyası və təşviqat müddətinin azaldılması, qeydiyyat depozitinin ləğvi, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyan müddəanın ləğv edilməsi, prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılması, təbliğat imkanlarının məhdudlaşdırılması) nəticəsində ölkədə seçki institutunun sıradan çıxarılması cəhdləri davam edib, cəmiyyətdə seçki yolu ilə hakimiyyət dəyişiklikliyinin mümkünlüyünə inam zəifləyib”.
Müsavat Partiyası ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və demokratik seçki mühitinin formalaşdırılması üçün referendumun keçirilməsini, eyni zamanda Seçki Məcəlləsində dəyişikliklər yolu ilə bu seçki islahatlarının prioritet olaraq aparılmasını tələb edir:
– Mövcud seçki sistemi proporsional seçki sistemi ilə əvəz edilsin. Parlamentdə deputatların sayı 200 nəfər müəyyən edilsin;
– Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən maddə ləğv edilsin. Prezidentin səlahiyyət müddəti 5 il müəyyənləşdirilsin;
– Bütün seçki komissiyaları və seçki komissiyalarındakı vəzifələr iddiaçı tərəflərin bərabər təmsilçiliyi əsasında, paritet qaydada təşkil olunsun;
– Seçkiqabağı təşviqat kampaniyası üçün ədalətli hüquqi mühit, bərabərhüquqlu siyasi rəqabət şəraiti təmin edilsin, seçki kampaniyasının müddəti 120 gün, təşviqat kampaniyasının müddəti 60 gün müəyyən edilsin;
– Namizədlərin qeydiyyatının alternativ variantı olan qeydiyyat depozitinin qoyulması qaydası bərpa edilsin;
– Seçki prosesinin, səslərin sayılması, seçkilərin yekun protokollarının doldurulmasında aşkarlıq, eləcə də səslərin paralel sayılması mexanizmi təmin edilsin.
Novator.az bildirir ki, Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən qurultayda bərpa olunub.
Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub.
2014-cü ilin sentyabrından Müsavat Partiyasına Arif Hacılı başqanlıq edir.