Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son vaxtlar Ukraynada diqqət mərkəzinə gəlib. Yeni Qüvvələr Hərəkatı adlı müxalif təşkilat yaradan Saakaşvili ölkədə hakimiyyəti dəyişmək niyyətindədir, bunun üçün ilk növbədə növbədənkənar parlament seçkisi tələb edir.
Saakaşvili Gürcüstan prezidenti postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edən sabiq prezidentə Gürcüstanda cinayət işi qaldırılıb.
2015-ci ildə Ukrayna vətəndaşlığı alan Saakaşvili mayın 30-da Odessa vilayətinin qubernatoru təyin edilib. Bundan sonra o, Gürcüstan vətəndaşlığından çıxarılıb.
2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq qubernator vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Pyotr Poroşenko Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum edib. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Sentyabrın 10-da Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq ölkəyə keçib. Ukraynanın müxtəlif bölgələrinə səfər edən Saakaşvili hakimiyyətə qarşı mübarizədə tərəfdarlar toplamağa çalışır.
Saakaşvili Ukrayna siyasi arenasında uğur qazana bilərmi? Novator.az-ın sualını cavablandıran Respublikaçı Alternativ Partiyasının üzvü Azər Qasımlı öncə Ukraynanın Avrasiya və postsovet məkanındakı mövqeyinə diqqət çəkib: “Məşhur politoloqlar, o cümlədən Zbiqnev Bjezinski deyib ki, Rusiya Ukraynasız güclü ola, böyük imperiya qura bilməz. Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi Avrasiya iqtisadi-siyasi birliyi məhz Ukrayna bu ittifaqda təmsil olunmadığı üçün tam reallaşa bilmir. Bu gün Ukrayna ətrafında gedən siyasi və geosiyasi oyunlar Şimali Koreya, Suriya kimi dünya siyasətinin əsas mövzularından biridir.
Belə bir ərəfədə Saakaşvilinin Ukraynada olması və aktiv siyasi fəaliyyət göstərməsi politologiya kitablarına düşəcək hadisədir. Saakaşvilinin planları uğurlu alınsa, o, Ukrayna arenasında ciddi bir siyasi təşkilat qurub yerini möhkəmləndirsə, bəlkə daha da irəli gedib prezident və ya baş nazir postlarını əldə etsə, təbii ki, bu, politologiyada müəyyən mövzulara ciddi töhfələr verəcək, nələrisə dəyişəcək.
Söhbət ondan gedir ki, Saakaşvili sanki hazırda yeni Çe Gevara məktəbi yaradır. Ukraynada doğulmayan, Kiyevdə universitet təhsili aldığı illəri çıxmaqla orada yaşamayan, çevrə yığmayan Saakaşvili ölkə üçün yad bir elementdir. İndi gəlib siyasi liderliyə, prezidentliyə iddia edir, minlərlə insanı mitinqə çıxarır, ölkənin gündəminə daxil olur. Mövcud siyasi texnologiyalar və siyasi piar nəzəriyyələrinə zidd olan belə işi hər kəs bacarmaz”.
Azər Qasımlı qeyd edir ki, Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından çıxarmaqla yanlış addım atıb: “Saakaşvili Ukrayna vətəndaşlığını yenidən bərpa edə bilər. Bunun üçün o, ölkə daxilində siyasi aktivliyini davam etdirməli, insanların bu mövzuya diqqətini cəlb etməli, prezidentin addımını ictimai qınaq obyektinə çevirməlidir.
Xaricdən Ukrayna hakimiyyətinə bu yöndə təzyiqlər gözlənir. NATO, Avropa Şurası, Avropa İttifaqı rəsmiləri Ukrayna hökumətini tənqid edib.
İndi dünya siyasi arenasında Ukrayna mövzusu ilə bağlı pat vəziyyət yaranıb. Bütün baş verənlərdən sonra bölgəni itirib ölkəni Rusiyanın ayağına verə bilmirlər. Ukraynada isə korrupsiya, oliqarxiya problemləri hələ də həllini tapmayıb, islahatlar çox ləng gedir. Qərb vəziyyəti görür, ölkəyə istədiyi qədər yardım edə, siyasi dəstək verə bilmir.
Saakaşvili məsələsində də ciddi səhvə yol verildi. Çünki o, Gürcüstanın prezidenti olub, Qərbdə çox tanınmış, hörməti, dəstəyi olan siyasətçidir. Həm ABŞ, həm Avropa siyasətçiləri arasında yaxşı əlaqələri var.
Bütün daxili və xarici faktorları nəzərə alanda çox yaxın zamanda Saakaşvilinin vətəndaşlığı bərpa oluna bilər. Bu isə Poroşenkonun siyasi nöqteyi-nəzərdən Saakaşviliyə uduzması deməkdir.
Saakaşvilinin vətəndaşlığı bərpa olunmasa, Ukraynanı heç də yaxşı günlər gözləmir. Rusiyadan asılılıq və Qərbin güclü maliyyə dəstəyi vermək istəməməsi ehtimalları ortaya çıxacaq. Bu da Ukrayna iqtisadiyyatı üçün zərbə deməkdir, ölkə iqtisadiyyatının hələ də xarici kreditlərə ciddi şəkildə ehtiyacı var”.