ABŞ-ın Nyu-York şəhərinə səfər edən prezident İlham Əliyev sentyabrın 18-də Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayerlə və xristian yevangelik dini icmasının liderləri ilə görüşüb.
Bakıda dövlət başçısı ilə görüşlərini xatırlayan Mark Şnayer ölkə haqqında zəngin təəssüratlarının olduğunu deyib, qeyd edib ki, İlham Əliyev dinlərarası dialoq və əməkdaşlığa həmişə sadiq olub. Ravvin Azərbaycan prezidentinin ölkədəki yəhudi icmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycan-İsrail əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edib.
Mark Şnayer Amerika yevangelist icmasının nümayəndələrini təqdim edərək deyib ki, ABŞ-da yevangelist icmasının 100 milyondan artıq nümayəndəsi yaşayır və onların Amerika yəhudiləri və digər icmalarla yaxşı əlaqələri var.
Etnik Anlaşma Fondunun sədri bildirib ki, Azərbaycanda dinlərarası dialoq və tolerantlıq sahələrində həyata keçirilən işlər başqa ölkələrə nümunə ola bilər.
İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, bununla yanaşı, ölkə haqqında daha geniş məlumatın yayılması vacibdir. Prezident bu baxımdan belə görüşlərin və keçirilən tədbirlərin önəmini vurğulayıb.
Azərbaycanda sabitliyin tam bərqərar olduğunu qeyd edən İlham Əliyev deyib ki, bunun əsas səbəblərindən biri də müxtəlif dini və etnik qrupların nümayəndələrinin ölkədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasıdır.
“İqls Vinqs” yevangelist təşkilatının pastoru Ceyms Ruddi deyib ki, qurum təkcə ABŞ-da deyil, bütün dünyada böyük bir şəbəkəyə və nüfuza malikdir: “Bizim 175 ölkədə nümayəndələrimiz var. Biz bu gün Sizinlə görüşməkdən dərin məmnunluq hissi keçiririk və ölkənizlə əməkdaşlığın genişlənməsində çox maraqlıyıq”.
Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə toxunan İlham Əliyev əlaqələrin siyasi, iqtisadi, təhlükəsizlik, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində də ABŞ-la əməkdaşlığı çox yaxşı səviyyədədir və ölkə Əfqanıstandakı sülhməramlı əməliyyatların nəqliyyat və logistika sahəsinə böyük töhfə verir.
Prezident Azərbaycanla İsrail arasındakı əməkdaşlığın səviyyəsindən də məmnunluğunu ifadə edib.
Söhbət zamanı İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verib, ölkənin qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdiyi işlərdən danışıb.
AZƏRTAC-ın məlumatına görə, həmin gün prezident Birləşmiş Millətlər Təşkilatının baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirə qatılıb. Tədbirdə ABŞ prezidenti Donald Tramp çıxış edib. BMT-də islahatlara ehtiyacın olduğunu deyən Donald Tramp qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.
BMT-nin baş katibi dünyada çoxlu sayda insanın münaqişələrdən, aclıqdan əziyyət çəkdiyini bildirib: “Bu insanların yardımımıza ehtiyacı var. Qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq”.
Sonra İlham Əliyev Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə bir araya gəlib. Görüşdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.