Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sentyabrın 18-də uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul edib.
Rəsmi açıqlamada qeyd olunur ki, makroiqtisadi sabitlik və real sektorda aktivliyin pozitiv dinamikası qorunur: “Tədiyyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi sabitdir. Pul təklifi iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacına uyğun artır. İnflyasiyanın monetar və qeyri-monetar amillərinin təhlili göstərir ki, pul siyasətinə əhəmiyyətli korreksiya zərurəti yoxdur”.
Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair qərarında makroiqtisadi meylləri də nəzərə aldığını vurğulayır: “Real sektor göstəriciləri pozitiv dinamikanı qoruyur. 2017-ci ilin 8 ayında qeyri-neft sektorunda 2,2%-lik iqtisadi artım qeydə alınıb. O cümlədən qeyri-neft sənayesində 4,6%, ticarətdə 1,8%, turizmdə 2,6%, rabitə və informasiya sahəsində 4,9% artım müşahidə olunur.
2017-ci ilin ilk yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. Bu, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub. Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1,9 milyard ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11,5% artıb. İlin sonuna tədiyyə balansında profisitin qorunacağı proqnozlaşdırılır.
Profisitli tədiyyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşayiət olunur.
Dövr ərzində monetar şərait qismən yumşalsa da, ümumilikdə neytral qalıb. Pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 8%-dən çox artıb. Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur.
Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb. Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub.
Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır”.
Rəsmi açıqlamada Dövlət Statistika Komitəsinə istinadla qeyd olunur ki, 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14% təşkil edib: “Qiymət dinamikası və inflyasiya gözləntilərinin amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır. O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunub. Ümumi inflyasiya gözləntilərinin ayrı-ayrı məhsul qruplarının və qiymətlərini dövlət tənzimləyən mal və xidmətlərin qiymətlərinin dəyişiminə həssaslığı qalmaqdadır.
İnflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələ ki, pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir”.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə noyabrın 15-də müzakirə ediləcək.
Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 2016-cı il fevralın 15-dən sentyabrın 14-dək uçot dərəcəsi 3%-dən 15%-ə qalxıb.