Sentyabrın 14-ü Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzalanıb.
1994-cü il sentyabrın 20-də Azərbaycanın iri karbohidrogen şirkətləri ilə 30 il müddətinə imzaladığı, “Əsrin müqaviləsi” kimi tanınan sənəd əsasında 20 ildir Azəri, Çıraq, Günəşli yataqlarından neft və qaz hasil olunur. Yeni müqavilə hasilat müddətini 2050-ci ilə qədər uzadır.
Prezident İlham Əliyev bəyan edib ki, yeni kontrakt Azərbaycan üçün əlverişlidir. Onun sözlərinə görə, xarici investorlar ölkəyə 3,6 milyard dollar həcmində bonus ödəyəcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz olacaq.
Sentyabrın 19-da Azadliq.info-ya danışan iqtisadçı Qubad İbadoğlu deyib ki, hökumət rəsmiləri kontraktın yenilənməsini neft hasilatında sabitliyi təmin etmək zərurəti ilə əsaslandırır: “Bu açıqlamaların sətiraltı izahı odur ki, şirkətlər əvvəlki kontrakt çərçivəsində mənfəət neftindən əldə etdikləri payın azalmasına görə məsrəfləri qarşılamaq istəmirdi. Belə olanda neft hasilatı demək olar hər gün 100 min barrel aşağı düşürdü.
Sadə məntiqlə yeni sazişin şirkətlərin maraqlarını nəzərə almaqla onların investisiya qoyuluşlarını stimullaşdırmaq üçün imzalandığını demək mümkündür. Bu isə o deməkdir ki, yeni şərtlər şirkətlər üçün daha əlverişli olub, ona görə buna razılıq veriblər. Yəni hökumət şirkətləri razı salmaq üçün güzəştlərə gedib.
Yeni sazişin şərtləri dövlət üçün daha əlverişlidirsə, onda niyə sənəd dərc olunmur, onun əsas müddəaları, xüsusilə də xərclərin və mənfəətin bölgüsü, verginin, royaltinin və digər ödənişlərin hesablanması və ödənilməsi şərtləri açıqlanmır?
Bəlkə də bu saziş sonadək işləyəcəyi halda Azərbaycan dövləti son illərdə mənfəət neftindən əhəmiyyətli pay götürə biləcək. Amma ən təhlükəsi odur ki, şişirdəcəkləri məsrəflərini yaxın 10-15 il ərzində çıxarılan Azərbaycan neftinin satışından əldə edilən gəlirlər hesabına ödətdirən şirkətlər sonra “yataqlarda qalan nefti çıxarmaq kommersiya baxımından faydalı deyil” bəhanəsi ilə işləri dayandıra bilərlər. 10-15 ildən sonra xərclərini geri götürən şirkətlərin hasil etdikləri neftin satış qiyməti onun istehsal xərcindən ucuz ola bilər. Belə olan halda yeni sazişdən itirən dövlət, qazanan isə yenə də Azərbaycandan getmək istəməyən xarici neft şirkətləri və tələbatlarını Azərbaycanın nefti hesabına ödəyən dövlətlər olacaq.
Digər tərəfdən milli iqtisadiyyatın hazırkı böhranlı vəziyyətində başlıca ixracat məhsulundan əldə edilən valyuta gəlirlərinin azalmasına rəvac verən yeni sazişin imzalanması SOCAR üçün yeni öhdəliklər yaradır. Dövlət büdcəsi və işçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməyən SOCAR-ın əvəzinə bu öhdəlikləri Dövlət Neft Fondunun yerinə yetirəcəyi halda gəlirləri kəskin azalan qurumun xərc imkanları da məhdudlaşacaq. Bu isə həm dövlət büdcəsi, həm də manat üçün yaxşı perspektiv vəd etmir. Yeni sazişdə pozitiv məqam iqtisadiyyata, xüsusilə də neft bölməsinə yönələcək investisiyaların artmasıdır. Bu isə yeni iş yerləri və biznes imkanları deməkdir”.