Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” dövlət proqramını təsdiqləyib. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək Gənclər və İdman Nazirliyinə həvalə olunub. Nazirlik ildə bir dəfə prezidentə tədbirlərin icrasının gedişi barədə məlumat verməlidir.
Novator.az bildirir ki, dövlət proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Sənəd bu vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
– gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması;
– gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
– gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi;
– gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi;
– sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası;
– gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi;
– ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi;
– gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması;
– gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması;
– gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi;
– gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi tədbirlərin həyata keçirilməsi;
– gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
– ölkədə gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi;
– gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;
– xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi;
– gənclərin insan hüquqları, gender bərabərliyi haqqında, eyni zamanda, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması;
– gənclərin ekologiya və ətraf mühitlə bağlı biliklərinin artırılması;
– gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsi;
– gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi;
– istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması;
– gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətinin inkişaf etdirilməsi;
– yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması;
– gənclərin asudə vaxtının səmərəli təşkili;
– gənclərin həyat və düşüncə tərzinin öyrənilməsi və müvafiq təhlillərin aparılması.
Proqram dövlət büdcəsi; büdcədənkənar dövlət fondları; kreditlər və qrantlar; qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçiriləcək (Tədbirlər planı).