Sentyabrın 15-də – Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Məktəbin müəllim və şagird kollektivi ilə görüşdə çıxış edən dövlət başçısı bildirib ki, 20 saylı məktəb hazırda ölkədə ən böyük və ən gözəl məktəbdir.
Prezident İlham Əliyev qeyd edib ki, Bakıda 300-dən çox məktəb var: “Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır. Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək.
Bu il Bakı şəhərində 10 məktəb əsaslı təmir olunub, biri tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb əsaslı təmir olunub, tikilib. Tikinti işləri davam edir. Bilirsiniz ki, bölgələrdə, ucqar kəndlərdə indi modul tipli məktəblər tikilir. Onlardan 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Beləliklə, qəzalı məktəblərlə bağlı olan problem də, əminəm ki, yaxın iki-üç il ərzində öz həllini tam tapacaq”.
Dövlət başçısı çıxışında müəllimlərin əməkhaqqından da danışıb. O bildirib ki, müəllimlərin maaşı artır: “Xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcək”.
Dövlət başçısı vətəndaşların savadlılıq səviyyəsinin əhəmiyyətindən də söz açıb, bildirib ki, savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir: “Biz ölkəmizin təhlükəsizliyini qoruyuruq – həm sərhədlərimizi, təhlükəsizliyimizi qoruyuruq, eyni zamanda özümüzü yad təsirdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə gedir, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə biz özümüzü bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz etməlisiniz – müəllimlər, təhsil işçiləri ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz”.
Daha sonra prezident deyib: “Biz 25 il ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar – qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır – Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycan potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq”.