Nuru Paşa
- 15 Sentyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetTribuna
XX əsrin əvvəlində – çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana hərbi yardımı Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilirdi. Həm göstərilən qardaş köməyinə görə Azərbaycan xalqının Türkiyəyə olan minnətdarlıq duyğuları Nuru paşanın şəxsində öz əksini tapmışdı, həm də ona olan hörmət və ehtiram duyğuları cəmləşmişdi. Nuru paşaya bəslədiyi hörmət və ehtiramı ilə xalqımız eyni zamanda onun dərdini öz dərdi bilən bütün türk xalqına minnətdarlığını ifadə edirdi. Ona görə də Nuru paşa bu gün də Azərbaycanda böyük hörmətlə xatırlanır.
Nuru paşanın zabitlik həyatı, demək olar ki, elə Azərbaycanda da başa çatdı. Doğrudur, Qarabağda iştirak etdiyi antisovet üsyanları yatırıldıqdan sonra Nuru paşa onunla Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə qardaş xalqın istiqlal mübarizəsində iştirak etdi. Onun bu mübarizədəki iştirakı mövcud tarixi şəraitə görə elə də uzun çəkmədi. Azərbaycandakı fəaliyyəti Nuru paşanın bir türk zabiti kimi ömrünün, heç şübhəsiz ki, ən yaddaqalan səhifəsi idi. Nuru paşa sonrakı həyatı boyu həmişə Azərbaycanda keçirdiyi həyatını xoş duyğularla xatırlayırdı və bu xatirələrini öz dostları ilə də bölüşürdü.
Nuru paşanın Azərbaycana gəlişinin ilkin dövründə onun verdiyi bəzi qərarların aydınlaşdırılmasına ehtiyacı yarandısa da, tarixi şəraitə heç də tamamilə uyğun atılmayan addımları olmuşdusa da, bunun da müəyyən səbəbləri var idi. Nəzərə alınmalıdır ki, Qafqaz İslam Ordusunun komandanı kimi Azərbaycana gələndə Nuru paşanın cəmi 29 yaşı var idi və o, Azərbaycana Afrika cəbhəsindən çağırılaraq göndərilmişdi. Nuru paşa tamamilə fərqli olan, dolaşıq, ziddiyyətli siyasi hadisələrin cərəyan etdiyi bir şəraitə düşmüşdü və burada gedən proseslərə bütünlüklə bələd olmaq üçün müəyyən vaxt lazım idi.
Onun Azərbaycandakı fəaliyyətinin araşdırılması göstərir ki, ölkəni tanıdıqca, burada gedən mürəkkəb proseslərə bələd olduqca onun dünyagörüşündə kifayət qədər ciddi dəyişikliklər baş vermişdi. Nəticə etibarı ilə Nuru paşa Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna hər vasitə ilə çalışmışdı, fədakarlığını əsirgəməmişdi. Məsələn, 1919-cu ilin sonlarında Nuru paşa yenidən Azərbaycana göndəriləndə ona bolşevik qüvvələri ilə əməkdaşlıq imkanlarının araşdırılması tapşırığı verilmişdi. Bu məqsədlə o, Dağıstan ərazisinə yollanmışdı. Bölgədə baş verən prosesləri müşahidə edəndən sonra Nuru paşa birdəfəlik qərarlaşdırdı ki, Azərbaycanın istiqlalı üzərindən bolşevik qüvvələri ilə əməkdaşlığa gedə bilməz və bir çox yurddaşlarından fərqli olaraq o, Azərbaycanın istiqlaliyyətinə həyatı boyu sədaqətli qaldı.
Nuru paşa Azərbaycanın istiqlaliyyətinin bərpası naminə hətta İkinci Dünya müharibəsi illərində Hitler Almaniyasının hökumət nümayəndələri ilə müzakirələr aparmağa da cəhd göstərdi. Lakin sonradan alman faşizminin mahiyyəti aydınlaşanda Nuru paşa bu niyyətindən əl çəkməli oldu.
Nuru paşa Azərbaycandan qayıdandan sonra bir müddət məhrumiyyətli həyat sürdü. 1922-ci ildə qardaşı Ənvər paşanın Orta Asiyada şəhid olmasından sonra onun Berlində yaşayan həyat yoldaşı Naciyə xanıma və üç övladına himayədarlıq etmək də Nuru paşanın üzərinə düşdü. Nuru paşa qardaşının yoxluğunu onun övladlarına olan qayğısı ilə ovundurmağa çalışırdı. Ənvər paşanın xanımı Naciyə sultan da öz xatirələrində Nuru paşanın bu ehtiramını böyük bir səmimiyyətlə anırdı: “İllər keçir. Uşaqlar təhsillərinə davam edir və böyüyürdülər. Çox şükür ki, hamısı sağlam və qabiliyyətlidirlər… Bir gün onların məmləkətə qayıdacaqlarına ümid edirdim. Uşaqlarımdan ayrılmaq mənə çox çətin idi. İllər keçdikcə bu ehtimal yaxınlaşırdı. Vətəndaş olaraq məmləkətə qayıtmaq üçün qaynım Nuru paşa çox çalışdı. Müxtəlif qurumlara müraciətlər etdi. Nəhayət, övladlarım üçün 1939-cu ildə xüsusi qanun qəbul olundu. Atalarının soyadına və bütün vətəndaşlıq haqlarına sahib olaraq Vətənə qayıdacaqdılar. Bunu onlara əmiləri Nuru paşa təmin etdi. Nuru paşa dürüst, namuslu, çox hörmət etdiyim və sevdiyim bir insandır. İllərlə övladlarıma həm analıq, həm də atalıq edib. Ona çox şey borcluyam…”.
Nuru paşanın öz ailə həyatı, demək olar ki, alınmamışdı. O bir də 1946-cı ildə, ölümündən üç il əvvəl Misirin saray ailəsindən olan İffət xanımın qızı Misli Mələk xanımla ailə qurdu. Bu zaman Nuru paşanın 56 yaşı var idi. Misli Mələk xanım isə 45 yaşında idi. Müxtəsər məlumatlar Nuru paşa ilə Misli Mələk xanım arasında qarşılıqlı anlaşma və hörmət olduğundan xəbər verir. Onların övladları qalmayıb. Nuru paşanın həlak olmasından sonra Misli Mələk xanım uzun bir həyat yaşamış və 1989-cu ildə dünyasını dəyişmişdi.
Keçən əsrin 30-cu illərindən etibarən Nuru paşa sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayır və vaxt ötdükcə bu fəaliyyətini genişləndirməyə müvəffəq olur. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Nuru paşanın rəhbərlik etdiyi fabrikdə silah və sursat istehsal olunurdu. Nuru paşa 1949-cu il martın 2-də sonradan daha da genişləndirə bildiyi İstanbulun Sütlücə məntəqəsindəki hərbi zavodda baş verən güclü partlayışda həlak oldu. Araşdırmalar sübut edib ki, bu partlayış texniki normalara əməl edilməməsi nəticəsində baş vermişdi. 1949-cu il martın 2-də kapsullar saxlanılan otaqda havanın temperaturu 80 dərəcəyə qədər qalxıb və heç kim bu yüksək dərəcənin partladıcı maddələr üçün təhlükəli olduğuna diqqət yetirməyib. Partlayış güclü olduğu üçün qonşu sexlərdə saxlanılan kimyəvi və partlayıcı maddələrə də ciddi ziyan vurmuşdu.
İlk partlayış baş verəndə Nuru paşa fabrikin dəftərxanasında imiş. Partlayış baş verən kimi özünü hadisə yerinə çatdırıb və sexlərdə olan işçilərdən tələb edib ki, dərhal təhlükəsiz yerə çəkilsinlər. Özü minaatan minalarının saxlandığı anbarın təhlükəsizliyini yoxlamaq üçün ora yollanıb. Bu anbarda 2 min ədəd mina saxlanırmış.
Kimyəvi və partladıcı maddələrin partlaması baş verən otağın zirzəmisi də tez alışan maddələrin, o cümlədən barıt və trotilin saxlandığı anbar imiş. Kimyəvi maddələrin partlayışından sonra otağın döşəməsi çökür və zirzəmidə olan maddələr də partlayır. Bu partlayış son dərəcə güclü olur və hətta baş verən yanğının qarşısını almaq üçün gəlmiş yanğınsöndürənlər arasında da tələfat qeydə alınır.
Nuru paşa bu partlayış zamanı həlak olur. O, minaların saxlandığı anbara gedib çıxa bilməmişdi.
Sütlücə fabrikinin işçilərindən olan İsmayıl Saylav baş verən partlayışı belə xatırlayırdı: “Paşa bombaların yerini soruşdu. Cavab alan kimi dərhal o tərəfə getdi və “heç kim buraya gəlməsin” deyə qəti səslə tapşırıq verdi. Həmin vaxt kimyəvi məmulatların saxlandığı anbarın altında partlayıcı maddə tapılmasından xəbərsiz olan yanğınsöndürənlər nərdivanlarda divarlara qalxaraq içəriyə su vururdular. Onlara içəri daxil olmayın, orada partlayıcı maddələr var” dedim. Birdən sanki yer-göy qarışdı, ayağımın altındakı torpaq sarsıldı. Yanğınsöndürənlərin bədənləri parçalanmışdı. Ətraf toz, tüstü idi. Həmin vaxt gördüklərim bunlar oldu”.
Nuru paşanın və onun yanında olanların cəsədlərini tapmaq mümkün olmur. Fabrikin daxilində və hətta ətrafında yanıb kömürə dönmüş meyitlərin müxtəlif hissələri tapılmışdı. Onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı. Sonrakı axtarışlar zamanı Nuru paşaya məxsus ayaqqabı, paltarından qopmuş parçalar, yaddaş dəftəri tapılmışdı.
Sütlücə fabrikində partlayış baş verən gün Nuru paşanın həyat yoldaşı Misli Mələk xanım Misirə uçmuşdu. Nuru paşa günortadan sonra onu yola salaraq Sütlücə fabrikinə qayıtmış və faciə ilə üzləşmişdi. Nuru paşanın həlak olması xəbəri Misli Mələk xanıma çatdırılmamışdı. O, martın 16-da İstanbula qayıtdıqdan sonra Nuru paşanın həlak olmasından xəbər tutmuşdu.
Martın 7-də Sütlücə fabrikində həlak olanların dəfn mərasimi təşkil edilir. Bu mərasim zamanı 10 nəfər dəfn edilir. Onlardan 7-sinin kimliyi müəyyən edilir, 3-nün şəxsiyyətini aydınlaşdırmaq isə mümkün olmur. Dəfn mərasimində Türkiyənin daxili işlər naziri, əmək naziri və digər rəsmi şəxslər iştirak edirlər. Dəfn mərasimi İstanbul şəhidliyində təşkil olunur.
Nuru paşanın dəfn mərasimini əks etdirən fotoşəkildən görünür ki, onun tabutunu kiçik bir qutu əvəz edir. Bu qutuda da, sözsüz ki, ona məxsus əşyalar vardı. Buna baxmayaraq həmin qutu Nuru paşanın anası Aişə xanımın yanında qazılan rəmzi məzarda dəfn edilir.
Mehman SÜLEYMANOV,
ehtiyatda olan polkovnik,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti,
tarix elmləri doktoru
Mənbə: AZƏRTAC