Bloqçu Aleksandr Lapşin sentyabrın 14-ü səhər Azərbaycanı tərk edib. “Turan”ın məlumatına görə, o, anası Bella Lapşina ilə birlikdə Bakı-Tel-Əviv təyyarə reysi ilə Azərbaycandan İsrailə yola düşüb.
Aleksandr Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub. Atası rus, anası yəhudidir, Rusiya və İsrail vətəndaşıdır.
2016-cı ilin dekabrında Belarusda saxlanan bloqçu bu ölkənin hüquq mühafizə orqanlarının qərarı ilə 2017-ci il fevralın 7-də Azərbaycana göndərilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə ittiham edib. İttihama əsasən, Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib, Puerrtto.livejournal.com internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi təbliğ edən çağırışlar yayıb.
Cinayət Məcəlləsinin 281.2-ci maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma əməlini təkrar törətməyə görə məsuliyyəti nəzərdə tutur.
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyəti rəsmiləşdirir.
2017-ci il iyulun 20-də Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sentyabrın 11-də isə o, prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Həmin gün prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib ki, Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu: “Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab prezidentin əfv sərəncamından sonra Azərbaycan hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq sentyabrın 10-da xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb”.
Əli Həsənov qeyd edib ki, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bloqçunun bu cəhdinin qarşısı alınıb, ona lazımi tibbi yardım göstərilib.
Əfv olunandan sonra Aleksandr Lapşin prezident İlham Əliyevə məktub ünvanlayıb. O, məktubunda Dağlıq Qarabağa etdiyi qanunsuz səfərlərə və Qarabağı müstəqil dövlət kimi təbliğ edən çağırışlarına görə peşman olduğunu bildirib. “Qarabağ həmişə Azərbaycanın əzəli torpağı olub və olacaq” yazan Lapşin məktubunda işğal edilmiş ərazilərin tezliklə azad olunmasını da arzulayıb.