“Azadlıq” radiosu Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Xəbəri “Amerikanın səsi” yayıb.
2014-cü ilin dekabrında hüquq mühafizə orqanları “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının Bakıdakı ofisində reyd keçirib. Nəticədə radionun Azərbaycan redaksiyasına qarşı bir sıra ittihamlar, o cümlədən vergidən yayınma ittihamı irəli sürülüb, Bakıdakı ofisin qapıları möhürlənib.
“Azadlıq” radiosu vergidən yayınma ilə bağlı ittihamların ləğvi üçün yerli məhkəmə instansiyalarına müraciət edib (başqa ittihamlara 2016-cı ildə xitam verilib). Lakin iş Ali Məhkəmədə ilişib qalıb. Rəsmən bu belə izah olunur ki, Ali Məhkəmədə şikayətə baxılması “Azadlıq” radiosunun da adı keçən digər cinayət işinin istintaqı başa çatmadığına görə təxirə salınıb.
“Azadlıq” radiosunun prezidenti Tomas Kent Avropa Məhkəməsinə üz tutmalarını şərh edərkən deyib ki, onlar ittihamların ləğvinə çalışırlar, amma Azərbaycan məhkəmələrində bu istiqamətdə heç bir irəliləyişə nail ola bilməyiblər: “İttihamlar əsassızdır və Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğundan biz bu məsələ ilə bağlı məhz həmin məhkəməyə müraciət etmək qərarına gəlmişik”.
Tomas Kent daha sonra bildirib: “Biz bu qənaətə gəlirik ki, bu qondarma təhqiqat sadəcə dolaşıqlıq yaratmaq məqsədi güdür. Təhqiqat qanun pozuntusuna dair heç bir dəlil aşkar etməsə də, bizim Bakı büromuzu hüquqi baxımdan fəaliyyətsiz vəziyyətə gətirib və jurnalistlərimiz üçün təhdid ab-havası yaradıb”.
Tomas Kent qeyd edib ki, onlar Avropa Məhkəməsinə iyun ayında müraciət ediblər.
Müraciətdə Avropa Konvensiyasının 6.1 və 13-cü maddələrinin pozulduğu iddia olunur. Həmin maddələr ağlabatan vaxt müddətində ədalətli məhkəmənin keçirilməsi və etibarlı müdafiə hüququnun təmin edilməsi haqqındadır.
“Azadlıq” radiosu özünün Bakıdakı bürosunun statusu məsələsinin həlli üçün də dəfələrlə Azərbaycanın baş prokuroruna müraciət edib.
Bu ilin avqustunda radio rəhbərliyi Baş Prokurorluqda radio əməkdaşlarının da adı keçən istintaq araşdırması barədə son məlumatların verilməsini, radionun Bakıdakı ofisindən götürülmüş ştamp, möhür və sənədlərin qaytarılmasını istəyib. Radionun rəhbərliyi büronun dondurulmuş bank hesablarının açılmasını da xahiş edib. Həmin hesablarda 70 min dollar pul var. Hakimiyyət “Azadlıq” radiosunun məktubunu aldığını bildirsə də, ona heç bir cavab verməyib.
Radionun saytının (Azadliq.org) Azərbaycan ərazisində bloklanması qərarından da apellyasiya şikayəti verilib. Azadliq.org bir sıra digər saytlarla birgə 2017-ci ilin mayında Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklanıb. Qərar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında çıxarılıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək bəzi saytlarla, o cümlədən Azadliq.org-la bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Azərbaycan qanunvericiliyinə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər. Radionun Səbail Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə nə vaxt baxılacağı hələ bilinmir.