“Azadlıq” qəzetinin müxbiri Ziya Əsədlinin həbsi ilə bağlı yaxınları açıqlama yayıb.
Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı jurnalistin həbsi ilə bağlı Azadliq.org-a bunları deyib: “Bir vətəndaşın şikayəti əsasında ona cinayət işi qaldırılmışdı. Rayonda bir çayxana var, ora musiqiçilər və digər peşə sahibləri toplaşır, nərd, domino oynayırlar. Ziya da arabir ora gedirmiş. Orada tənqidi fikirlər səsləndirib. Çayçı ona deyib ki, burada belə söhbətlər eləmə”.
Yusif Muradxanlının bildirdiyinə görə, çayçı onu çayxanadan çıxardarkən insident baş verib: “Növbəti dəfə ora gedəndə çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb”. Ancaq verilən məlumata görə, çayçı məhkəmədə fərqli ifadə verib. O deyib ki, Ziya Əsədli telefonu onun başına vurub: “Mən Ziyaya həmişə deyirdim ki, ehtiyatlı ol. “Azadlıq” qəzetinin müxbirisən, “Turan TV” ilə əlaqən var. Bunu bilirlər”.
Yusif Mehdixanlı qeyd edir ki, Ziya Əsədlinin bütün məhkəmə iclaslarında iştirak edib: “Mən çayçıya dedim ki, iş işdən keçib. Sən məhkəmədə barışıq elan elə, qoy onu həbs etməsinlər. Sözümə baxdı. Məhkəmədə dedi ki, uşaqları var, həm də 2-ci qrup əlildir, bağışlayıram onu”.
Yusif Muradxanlının deməsinə görə, məhkəmə bunu nəzərə almayıb: “Bizə dedilər ki, məhkəmə yüngül cəza verəcək. Siz buna siyasi rəng verməyin, ictimailəşdirməyin. Onun müdafiəsi düzgün təşkil olunmadı”.
Qərardan apellyasiya şikayəti veriləcəyi gözlənir.
Xatırladaq ki, 2016-cı il avqustun 20-də “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli həbs edilib. Bu həbsdən sonra “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb və həmin il sentyabrın 5-dən qəzetin çapı dayanıb.