Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov bloqçu Aleksandr Lapşinin əfvi və “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunması (Mehman Əliyev azadlıqda) barədə sualları cavablandırıb. O, AZƏRTAC-a müsahibəsində deyib: “Prezident İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir. 2017-ci il fevralın 10-da prezident cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamın məqsədi azadlıqdan məhrumetmə ilə bağlı cəzaların tətbiqinin azaldılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılmasıdır.
Çoxsaylı əfv və amnistiya aktları da bu humanist siyasətin tərkib elementləridir. 2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktı 54 minə yaxın şəxsə tətbiq olunub. Eyni zamanda həmin dövr ərzində prezident 3800-dən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalayıb. Bu sərəncamlarla azadlığa çıxmış şəxslərin arasında müxtəlif cinayətlərə görə məhkum edilmiş jurnalistlər, bloqçular da olub. Yəni əfvlə bağlı məsələlər dövlət başçısının diqqət mərkəzindədir, onun tapşırığı ilə Əfv Məsələləri Komissiyası məhkum olunmuş şəxslərin müraciətlərinə müntəzəm olaraq baxır. Bu, dinamik bir prosesdir.
Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Ümumiyyətlə, Lapşinlə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi – cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq cənab prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq sərəncam imzalayıb”.
Mehman Əliyevin həbsdən azad edilməsinə toxunan Fuad Ələsgərov deyib ki, jurnalist həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün dövlət başçısına şəxsən müraciət edib: “Cənab prezident yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub.
Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərarlar cənab prezidentin 10 fevral 2017-ci il sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Bu sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.
Sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər Milli Məclisə təqdim edilib. Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur”.