Ukrayna Milli Polisi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ölkəyə keçidi ilə bağlı cinayət işi qaldırıb. Olay dövlət sərhədini qanunsuz keçmə ittihamı üzrə araşdırılır.
Sentyabrın 10-da Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq Lvov şəhərinə keçib. Sərhədçilər və polis qüvvə tətbiq etməyib.
Novator.az xatırladır ki, 2004-cü ildən Gürcüstan prezidenti olmuş Mixail Saakaşvili 2013-cü ildə səlahiyyət müddəti başa çatanda vətənini tərk edib. Ölkəsində ona cinayət işi başlanıb və sabiq prezident beynəlxalq axtarışa verilib.
2015-ci ilin mayında Mixail Saakaşvili Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. Həmin il dekabrın 4-də Gürcüstan prezidenti Georgi Margvelaşvili Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi haqda sərəncam imzalayıb. Buna Mixail Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi əsas göstərilib.
2016-cı il noyabrın 7-də Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq qubernator vəzifəsindən istefa verib. Noyabrın 10-da o, postundan azad edilib.
2017-ci il iyulun 25-də Pyotr Poroşenko Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum edib. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib. Qeyd olunub ki, Mixail Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədlərdə istintaq altında olmadığını qeyd edib, ancaq o zaman Gürcüstanda sabiq prezidentin həbsinə qərar verilibmiş.
Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır.